Şahzadə Harri polis mühafizəsi olmadığı üçün ailəsini İngiltərəyə gətirmir
Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu şahzadə Harri gələn həftə vətəninə edəcəyi səfər zamanı ailəsini İngiltərəyə gətirməyəcək.
AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Səfər çərçivəsində şahzadəni son 4 ildə ilk dəfə xanımı Meqan Markl və övladları müşayiət etməli idi.
Lakin iyunun 26-da Sasseks hersoquna rəsmi polis mühafizəsi verilməyəcəyi, təhlükəsizliyi öz hesabına təşkil etməli olduğu bildirilib. Şahzadənin mühafizə şirkəti onun 6 terror hücumunun hədəfində olduğunu açıqlayıb və bu səbəbdən ailənin səfər planı ləğv edilib.
Qeyd olunur ki, Harrinin kral III Çarlz və qardaşı şahzadə Uilyamla görüşü də baş tutmayacaq. Xatırladaq ki, Harri və Meqan Markl 2020-ci ildə kral ailəsi statusundan imtina edərək ABŞ-a köçdükləri üçün Böyük Britaniya Daxili İşlər Nazirliyi onlara avtomatik polis mühafizəsi verməkdən imtina edib.




