Dağıntılar altından 32 saat sonra xilas edilən uşaq pendir və ketçup yeyərək sağ qalıb
Venesuelada iyunun 24-də baş verən iki böyük zəlzələdə dağıntılar altında qalan və 32 saat sonra xilas edilən 12 yaşlı Fabiana Blanko xilas edilməsini gözləyərkən ketçup və pendir yeyərək sağ qaldığını açıqlayıb.
AFN.az xəbər verir ki, BBC-nin məlumatına görə, ölkədə zəlzələdən ən çox zərər çəkən La Quayra şəhərində yaşayan Blanko dağıntılar altında yaşadıqlarını bölüşüb.
Zəlzələ zamanı 10 mərtəbəli binadakı evlərində olduqlarını bildirdən Blanko həmin anları belə nəql edib: "Hər şeyin silkələndiyini, düşdüyünü, qırıldığını və ardınca divarların çatladığını gördüm. Mənim evimi qonşu mənzildən ayıran divar uçdu. O anda öləcəyəm, burada sağ qala bilmərəm, məni heç kim xilas etməyəcək deyə düşündüm".
Dağıntılar altında bir qədər vaxt keçirdikdən sonra üst mərtəbədə yaşayan bir tibb bacısının sağ qalan birinin olub-olmadığını yoxlamaq üçün səsləndiyini eşitdiyini qeyd edən Blanko "Mənə sakit olmağımı və hər şeyin yaxşı olacağını söylədi" deyib.
Tibb bacısının 6 saat sonra dağıntılar altından xilas edildiyini və özünün də orada olduğunu xilasetmə qruplarına bildirdiyini qeyd edən Blanko əlləri ilə dağıntıları qazmağa çalışdığını söyləyib.
Blanko "Bu vaxt bir şüşə ketçup və dilimlənmiş pendir tapdım. Bunlar mənim huşumu açıq saxladı" ifadəsini işlədib.
Daha sonra axtarış-xilasetmə qruplarının ona adı ilə səsləndiyini vurğulayan Blanko onlara səs verdiyini və dağıntılar altında 32 saat qaldıqdan sonra bir neçə saat ərzində ona çatdıqlarını bildirib.
Fabiana Blanko "Dağıntılar altından çıxarıldıqda ailəmi gördüm, binanın tamamilə uçduğunu gördüm və bunun real ola bilməyəcəyini, bir televiziya serialı olduğunu düşündüm" sözlərini qeyd edib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) iyunun 24-də Venesuelada 39 saniyəlik fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirmişdi.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes zəlzələlərdə həyatını itirənlərin sayının 3342-yə, yaralananların sayının isə 16740-a yüksəldiyini elan etmişdi.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) iyunun 26-da yaydığı bəyanatda zəlzələlərin birbaşa səbəb olduğu fiziki ziyanın dəyərini 6,7 milyard dollar olaraq hesablamışdı.
Zəlzələlərdən sonra yaxınları tərəfindən itkin düşdüyü bildirilən şəxslərin sayının iyunun 27-nə olan məlumata görə 68 mini keçdiyi qeyd edilmişdi.
Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölü və yaralı sayının artmasından narahatlıq keçirilir.





