Sudanda vəba, qızılca və qida böhranı səbəbindən 200 mindən çox insan risk altındadır



Sudan Həkimlər Şəbəkəsi Şimali Kordofan əyalətində vəba və qızılca epidemiyaları, həmçinin qida və dərman qıtlığı səbəbindən 200 mindən çox insanın humanitar və sağlamlıq böhranı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, şəbəkədən verilən açıqlamada Sudanın Şimali Kordofan əyalətinə bağlı Bara şəhərinin qərbində 20 mindən çoxu uşaq olmaqla, 200 mindən çox insanın vəba və qızılca epidemiyalarından, o cümlədən qida və dərman qıtlığından təsirləndiyi bildirilib.

Açıqlamada bölgədə qida və dərman yetərsizliyi ilə yanaşı qızılca və vəba epidemiyaları səbəbindən son dərəcə ağır humanitar şəraitdə həyat mübarizəsi aparıldığı ifadə edilib.

Baradakı müxtəlif səhiyyə mərkəzlərində uşaqlar arasında 100-dən çox qızılca, həmçinin 45 vəba yoluxmasının qeydə alındığı bildirilən açıqlamada səhiyyə xidmətlərində ciddi problemlərin yaşandığı və əsas tibbi ləvazimatların tapılmadığı diqqətə çatdırılıb.

Açıqlamada Taybe əz-Zaatari xəstəxanası ilə Ümm Kureydim xəstəxanasının da aralarında olduğu bəzi səhiyyə müəssisələrinin heç bir tibbi ləvazimat olmadan xidmət göstərməyə çalışdığı qeyd olunub.

Eyni zamanda, tibbi ləvazimat və qida tədarükündəki fasilələrin davam etməsinin və humanitar yardımların bölgəyə çatdırılmasının əngəllənməsinin xüsusilə uşaqlar və digər həssas qruplar arasında ölüm hallarını artıra biləcək böyük bir humanitar və sağlamlıq fəlakətinə yol açacağı barədə xəbərdarlıq edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), humanitar yardım quruluşları və səhiyyə rəsmilərinə dərman, zərdab, peyvənd, tibbi ləvazimat, qida və təhlükəsiz içməli suyun bölgəyə təcili olaraq çatdırılması çağırışı edilən açıqlamada epidemiyanın nəzarət altına alınması və minlərlə mülki vətəndaşın həyatının xilas edilməsi istənilib.

Sudan Səhiyyə Nazirliyi iyunun 30-da verdiyi açıqlamada Şimali və Qərbi Kordofan əyalətlərində 127 nəfərin həyatını itirdiyini, 911 vəba yoluxmasının qeydə alındığını elan etmişdi.

Çevik Dəstək Qüvvələri (ÇDQ) mart ayından bəri Bara və şəhərin qərbindəki ətraf kəndlərə nəzarət edir.

Sudanda 2023-cü ilin aprel ayından bu yana ordu ilə ÇDQ arasında davam edən qarşıdurmalar səbəbindən on minlərlə insan həyatını itirib, milyonlarla insan isə öz yurdundan didərgin düşüb.

BMT məlumatlarına görə, ölkədə milyonlarla insan həmçinin aclıq təhlükəsi ilə üz-üzədir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu