"Brent" markalı neftin bir barreli 72,22 dollardan satılır



Cümə günü 72,41 dollara qədər yüksələn "Brent" neftinin fyuçers barrel qiyməti günü 72,12 dollardan başa vurub.

AFN.az xəbər verir ki, "Brent" neftinin barrel qiyməti bu gün saat 10:37-yə olan məlumata görə bağlanışla müqayisədə təxminən 0,13 faiz artaraq 72,22 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli də 68,86 dollardan alıcı tapıb.

Neft qiymətləri Yaxın Şərqdə neft tədarükünün tədricən bərpa olunmasına baxmayaraq, Hörmüz boğazı ilə bağlı geosiyasi qeyri-müəyyənliklərin davam etməsi ilə yüksəliş meyli nümayiş etdirib.

Körfəz ölkələrindən neft ixracının yenidən artması və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə daxil olmayan bəzi hasilatçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı artırmaq qərarları tədarükün güclənəcəyinə işarə etsə də, ABŞ və İrandan Hörmüz boğazının gələcəyi ilə bağlı gələn fərqli mesajlar neft bazarında risk mükafatını yüksək saxlayır.

OPEC+ qrupu bazar günü keçirdiyi iclasda avqust ayından etibarən gündəlik hasilat hədəfini 188 min barrel artırmaq barədə qərar qəbul edib.

İranla yaşanan qarşıdurmalardan sonra Körfəz ölkələri kəsilən neft tədarükünü yenidən bərpa edərək ixracatlarını da artırıblar.

İyun ayında OPEC-in hasilatı və Körfəz ölkələrinin neft ixracı əvvəlki ayla müqayisədə artsa da, ixrac həcmi müharibədən əvvəlki səviyyələrdən aşağı qalmaqda davam edib.

Son həftələrdə Hörmüz boğazı vasitəsilə xam neft daşınmasında canlanma müşahidə olunsa da, Səudiyyə Ərəbistanının ixracını münaqişədən əvvəlki səviyyəyə yaxınlaşdırması və digər Körfəz hasilatçılarının hasilatı artırması qlobal neft tədarükünün normallaşacağına dair gözləntiləri gücləndirib.

Lakin fiziki tədarükün bərpa olunmasına baxmayaraq, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər bazarların diqqət mərkəzində qalmağa davam edir. Tərəflərdən gələn ziddiyyətli açıqlamalar neft bazarındakı qeyri-müəyyənliyi artırmaqla yanaşı, qiymətlərin aşağı doğru hərəkətini də məhdudlaşdırır.

Ötən həftə ABŞ-da açıqlanan məşğulluq göstəricilərinin ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini artıracağına dair gözləntiləri zəiflətməsi və Yaxın Şərqdəki geosiyasi gərginliyin səngiməsi qlobal səhm bazarlarını dəstəkləmişdi.

Digər tərəfdən, bazarlarda ilin ikinci yarısında qlobal neft tədarükünün tələbi üstələyə biləcəyinə dair gözləntilər də güclənir. Çinin xam neft idxalındakı zəifləmə, böyük hasilatçı ölkələrin ixracındakı artım və OPEC+-ın hasilat artımını davam etdirməsi təklif fazlalığı gözləntilərini dəstəkləyir ki, bu mənzərə neft qiymətlərinin yüksəlişini məhdudlaşdıran əsas amil kimi önə çıxır.

Texniki baxımdan "Brent" neftində 72,15 dolların dəstək, 71,78 dolların isə müqavimət zonası olaraq izlənilə biləcəyi qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu