Brent neftinin barreli 97,33 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında Brent markalı xam neftin barrel qiyməti 97,33 dollardan satılır.

AFN.az xəbər verir ki, ötən həftənin cümə günü 95,90 dollara qədər yüksələn Brent neftinin barrel qiyməti günü 93,09 dollar səviyyəsində başa vurmuşdu.

Bu gün saat 09:20 radələrinə olan məlumata görə, Brent neftinin fyuçers barrel qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 4,6 faiz artaraq 97,33 dollar təşkil edib. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin barreli isə 94,34 dollardan alıcı tapıb.

Qiymətlərin bahalaşmasında Yaxın Şərqdə artan gərginliyin qlobal bazarlarda davam edən tədarük narahatlıqlarını artırması təsirli olub.

Eyni zamanda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupuna daxil olan 7 ölkə iyul ayında neft hasilatını gözləntilərə uyğun olaraq sutkada 188 min barrel artırmaq qərarına gəlib.

Qərara əsasən, ən yüksək hasilat artımı sutkada 62 min barrellə Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. Bu ölkələri sutkada 26 min barrel artımla İraq və 16 min barrel artımla Küveyt izləyəcək. Qazaxıstanın gündəlik hasilatını 10 min barrel, Əlcəzairin 6 min barrel, Omanın isə 5 min barrel artırması nəzərdə tutulur. Bununla da sözügedən ölkələrin ümumi hasilat artımı sutkada 188 min barrelə çatacaq.

Analitiklər OPEC+-ın hasilatı artırmaq qərarına baxmayaraq, Hörmüz boğazındakı fasilələr və bəzi istehsalçı ölkələrdəki güc problemləri səbəbindən qlobal tədarük üzərindəki təzyiqin davam etdiyini bildirirlər.

Texniki baxımdan Brent neftində 98,17 dolların müqavimət, 96,57 dolların isə dəstək zonası olaraq izlənilə biləcəyi qeyd edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu