Türkiyədən NATO-ya iki yerli müşahidə peyki töhfəsi



Türkiyə NATO-nun kollektiv kosmos imkanlarına iki yerli istehsal olan yüksək dəqiqlikli müşahidə peyki ilə töhfə verəcək.

AFN.az xəbər verir ki, NATO Müdafiə Sənayesi Forumunda elan edilən layihələr çərçivəsində TÜBİTAK Kosmos tərəfindən hazırlanacaq iki peyk üçün təxminən 300 milyon dollarlıq müqavilə imzalanacağı bildirilib.

Ankarada təşkil olunan 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammiti transatlantik müdafiə istehsalı və investisiyaların ön plana çıxdığı Müdafiə Sənayesi Forumu ilə başlayıb.

Son 3-4 ildir NATO-nun paralel tədbiri kimi təşkil edilən forum ilk dəfə Türkiyədə sammitin rəsmi proqramı çərçivəsində reallaşdırılıb.

Forumda çıxış edən NATO Baş katibinin müavini Radmila Şekerinska Türkiyənin kosmos sahəsindəki töhfəsi ilə bağlı qeyd edib ki, Türkiyə tərəfindən mühüm bir investisiya həyata keçirilir.

O, Türkiyənin iki əlavə və yüksək dəqiqlikli peyk hazırlamaq üçün iddialı bir plan ortaya qoyduğunu və bu peyklərin Türkiyədə, məhz TÜBİTAK Kosmos İnstitutunda istehsal olunacağını vurğulayıb.

Şekerinska Türkiyənin "İMECE" Yer müşahidə peykinə əsaslanaraq iki yeni yüksək dəqiqlikli peyk hazırlayacağını bildirərək əlavə edib ki, TÜBİTAK Kosmos tərəfindən Türkiyədə hazırlanacaq peyklər üçün təxminən 300 milyon dollarlıq müqavilə imzalanacaq.

O həmçinin qeyd edib ki, Türkiyə bundan əlavə, ASELSAN ilə alçaq orbitli peyk rabitəsi və "Polad Qübbə" layihəsi çərçivəsində erkən xəbərdarlıq radar sistemləri üçün ümumi dəyəri 350 milyon dollar olan müqavilələr imzalayıb və bu investisiyalar Türkiyənin döyüş meydanındakı əlaqə və öncədən xəbərdarlıq imkanlarını daha da gücləndirəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu