3 yaşlı uşağın metastatik xərçəngi eksperimental müalicədən sonra yox olub



3 yaşlı bir xəstənin üzərində əldə edilən ümidverici nəticə alimlərin bərk şişlərə qarşı CAR T-hüceyrə terapiyasında mühüm irəliləyişə nail olduğunu və potensial olaraq həyat qurtaran nəticələr əldə edilə biləcəyini göstərib.

AFN.az xəbər verir ki, “The New England Journal of Medicine” jurnalında dərc olunan hesabatda tədqiqatçılar CAR T-hüceyrə müalicəsindən sonra qaraciyər xərçənginin bir növü olan hepatoblastomanın 3 yaşlı oğlan uşağında tam gerilədiyini sənədləşdiriblər.

Uşağa ilk diaqnoz qoyulduqda qaraciyərinin sol payında 11,2 x 9,6 x 7,1 santimetr ölçüsündə şiş aşkarlanıb.

Xərçəng ağciyərlərə metastaz verib və xəstəliyin sümüklərə də yayıldığını göstərən əlamətlər müşahidə olunub.

Uşaq 3 kurs kimyaterapiya alıb. Əsas qaraciyər şişi cərrahi yolla çıxarılıb, həmçinin ağciyərlərə yayılan xərçəng ocaqlarının götürülməsi üçün 2 əməliyyat keçirilib.

Görülən tədbirlərə baxmayaraq, xərçəng qısa müddətdə yenidən inkişaf edib və ağciyərlərdə yeni şiş yaranıb.

Xəstəliyin sürətlə təkrarlanmasından sonra uşaq eksperimental CAR T-hüceyrə terapiyasının insanlar üzərində ilk sınağı olan CARE araşdırmasına cəlb edilib.

Uşağa öz T-hüceyrələrindən hazırlanmış, lakin qaraciyər xərçənglərində yüksək səviyyədə ifadə olunan qlipikan-3 (GPC3) zülalını tanımaq üçün hazırlanmış eksperimental GPC3-CAR müalicəsinin iki dozası verilib.

Tədqiqatçılar klinikadan əvvəlki modellərdən əldə olunan nəticələrə əsaslanaraq CAR T-hüceyrələrinin ömrünü və şiş hüceyrələrini məhv etmək qabiliyyətini artırmaq məqsədilə müalicəyə immun sisteminin zülalları olan interleykin-15 və interleykin-21 ifadə edən genləri də əlavə ediblər.

Uşaq GPC3-CAR müalicəsinin 2 infuziyasını qəbul edib. İlk infuziyadan sonra xəstədə qismən yaxşılaşma müşahidə olunub. Bu nəticə KT müayinələri və şiş aktivliyinin göstəricisi olan alfa-fetoprotein zülalının qandakı səviyyəsinin azalması ilə təsdiqlənib.

Səkkiz həftə sonra müalicənin ikinci dozası tətbiq olunub. Sonrakı müayinələrdə bəzi qalıq çapıq toxumalarından başqa xəstəliyin heç bir əlaməti aşkarlanmayıb.

12 ayın sonunda uşaq hələ də xəstəliksiz vəziyyətdə olub. Tədqiqatçılar bunun xəstəliyin sınağa qədərki ağırlığı nəzərə alındıqda uşaq və ailəsi üçün olduqca mühüm nəticə və dönüş nöqtəsi olduğunu bildiriblər.

Seatl Uşaq Xəstəxanası və Vaşinqton Universitetinin həmmüəllifi və uşaq onkoloqu Andras Hetszey bildirib ki, araşdırma bu yeni CAR T-hüceyrələrinin hepatoblastomanın müalicəsində təhlükəsiz və effektiv üsul ola biləcəyinə dair sübut təqdim edir.

Hetszey həmçinin GPC3-müsbət bərk şişləri olan xəstələr üzərində bu müalicənin daha geniş şəkildə araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Sınaqlar Baylor Tibb Kollecində həyata keçirilən CARE araşdırması və Seatl Uşaq Xəstəxanası vasitəsilə aparılan IMPACT adlı oxşar klinik tədqiqat çərçivəsində davam etdirilir.

Nəticələr “The New England Journal of Medicine” jurnalında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu