Yaponiyada 100 yaşdan yuxarı əhalinin sayı ilk dəfə 100 mini keçib
Yaponiyada yaşı 100-dən çox olan insanların sayı ilk dəfə 100 mini ötüb.
AFN.az xəbər verir ki, Yaponiya hökuməti hər il sentyabrın 15-də qeyd olunan “Ahıllara hörmət günü” münasibətilə ölkədə yaşlı əhalinin artımına dair statistik məlumatları açıqlayıb.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 56 ildir ardıcıl olaraq artır.
Sentyabr ayına olan məlumata əsasən, Yaponiyada 100 yaşını keçmiş 107 677 nəfər yaşayır. Bununla da ölkə tarixində ilk dəfə bir əsri geridə qoyanların sayı 100 mini ötüb.
Ötən ilin göstəricisi ilə müqayisədə bu rəqəm 7 914 nəfər artıb. 100 yaşdan yuxarı şəxslərin 94 298-i qadın, 13 379-u isə kişidir.
Ölkənin ən yaşlı qadını 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişisi isə 112 yaşlı Kato Hikaru kimi qeydə alınıb.
Yaponiyada 100 yaşdan yuxarı insanların sayına dair məlumatların toplanmasına ilk dəfə 1963-cü ildə başlanılıb.
100 yaşdan yuxarı insanların sayı ilk dəfə 1981-ci ildə 1 mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.
Statistikaya əsasən, Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3 yaş, kişilər üçün isə 81,3 yaşdır.




