Günəş sistemində gizli 9-cu planet varmı?



Bir əsrdən artıqdır astronomların izinə düşdüyü sirli 9-cu planetin mövcudluğu ehtimalı uzaq kosmik cisimlərin orbitlərində müşahidə olunan qeyri-adi hərəkətlər səbəbilə yenidən gündəmə gəlib.

AFN.az xəbər verir ki, Günəş sisteminin ən ucqar bölgələrində kəşf edilməyi gözləyən gizli planetin mövcudluğu astronomiya dünyasında əsrlərdir maraq doğurur.

1846-cı ildə Neptunun kəşfi görünməyən planetin digər göy cisimlərinə göstərdiyi cazibə qüvvəsinin təsiri ilə müəyyən edilə biləcəyini ortaya qoydu.

Bundan sonra aparılan axtarışlar 1930-cu ildə Plutonun kəşfi ilə nəticələndi. Lakin 2006-cı ildə Plutonun cırtdan planet statusuna endirilməsi Günəş sistemində 9-cu planetin olub-olmaması ilə bağlı müzakirələri yenidən alovlandırdı.

Ötən əsrin əvvəllərində amerikalı astronom Pörsival Louell Uran və Neptunun orbitlərindəki nizamsızlıqların daha uzaqda yerləşən planetə işarə etdiyini irəli sürüb.

“X planeti” adlandırılan bu anlayış 1980-ci illərdə “Voyager 2” kosmik aparatının əldə etdiyi məlumatlardan sonra ilkin olaraq gündəmdən çıxarılıb. Buna səbəb həmin planetlərin hərəkətlərinin başqa üsullarla izah edilə bilməsi olub. Lakin müasir alimlər araşdırmalarını Neptundan kənarda yerləşən daha uzaq və kiçik cisimlərə yönəldiblər.

Kaliforniya Texnologiya İnstitutunun (Caltech) astronomları Konstantin Batigin və Maykl Braun 2016-cı ildə Neptundan kənarda yerləşən uzaq cisimlərin qeyri-adi orbital hərəkətlərini izah etmək üçün yeni nəzəriyyə irəli sürüblər.

Batigin bu cisimlərin dinamik baxımdan qeyri-sabit olduğunu bildirərək, mövcud məlumatların başqa şəkildə izah edilə bilməyəcəyini müdafiə edir.

Müşahidə olunan orbitlərin qruplaşması, yüksək meyilli orbitlər və əks istiqamətdə hərəkət edən cisimlər kimi bir sıra qeyri-adi xüsusiyyətlər gizli 9-cu planetin mövcudluğu ilə birbaşa izah edilə bilər.

Nəzəriyyəni dəstəkləyən güclü məlumatlara baxmayaraq, planetin özü hələ birbaşa müşahidə edilməyib.

Hazırda əldə olunan məlumatlar məsələni daha da mürəkkəbləşdirsə də, Çilidə yerləşən Vera C. Rubin Rəsədxanası kimi güclü müşahidə mərkəzlərinin yaxın zamanda aparacağı tədqiqatların bu sirri tamamilə aydınlaşdıracağı gözlənilir.

Birbaşa görüntü sübutu əldə edilənə qədər uzaq kosmosda yeni cisimlərin kəşfi və onların nümayiş etdirdiyi davranış nümunələri 9-cu planetin mövcudluğunu araşdıran alimlərin əsas ümid mənbəyi olaraq qalır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu