Brent neftinin bir bareli 107,52 dollardan satılır
Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarında 107,52 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 109,80 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 105,68 dollardan başa vurub. Brent neftinin noyabr fyuçers kontraktında bir barelin qiyməti bu gün saat 10:37-yə olan məlumata görə əvvəlki bağlanışla müqayisədə 1,7 faiz artaraq 107,52 dollar təşkil edib.
Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçers kontraktında bir barelin qiyməti də 103,18 dollar müəyyənləşib.
Neft qiymətlərinin artmasına ABŞ və İran arasında danışıqların aparılacağı ilə bağlı gözləntilərin azalması və bunun qlobal neft təchizatı ilə bağlı narahatlıqları artırması təsir göstərib.
Bundan başqa, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin ötən həftə həyata keçirilən hücumlardan sonra bağlı qalması da bazarlarda təchizatla bağlı narahatlıqları gücləndirir.
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə çərçivəsində pul siyasətini sərtləşdirəcəyi ilə bağlı gözləntilərin güclənməsi neft qiymətlərinin artımını məhdudlaşdırır.
FED-in 2 gün davam edəcək faiz qərarı toplantısı bu gün başlayacaq. Pul bazarlarında formalaşan qiymətləndirmələrə görə, bankın yüksək ehtimalla faiz artımına gedəcəyi gözlənilir.
Bank sonuncu dəfə 2023-cü ilin iyulunda faiz artımına gedib. FED-in faiz artıracağı ilə bağlı gözləntilər fonunda dollar indeksi 0,1 faiz artaraq 99,6 səviyyəsində qərarlaşıb.
Yüksək faiz dərəcələrinin iqtisadi aktivliyi zəiflədərək neftə olan tələbi azalda biləcəyi gözləntiləri və ABŞ dollarının möhkəmlənməsi neftin digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşmasına səbəb olur. Bu amillər neft qiymətlərinin yüksəlişini məhdudlaşdırır.
Texniki baxımdan Brent neftinin qiymətində 113,72 dollar müqavimət, 98,72 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
