Etna vulkanının kül püskürtməsi hava nəqliyyatına mənfi təsir göstərməkdə davam edir
İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının dünəndən etibarən intensiv şəkildə kül püskürtməsi səbəbilə hava nəqliyyatında yaranan problemlər davam edir. Kataniya hava limanında daxili və beynəlxalq reyslərin bir müddət də həyata keçirilməyəcəyi bildirilib.
AFN.az xəbər verir ki, Kataniya Beynəlxalq Vinçenso Bellini Hava Limanını (Fontanarossa) idarə edən SAC şirkəti Etna vulkanının kül püskürməsi ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada vulkan külünün atmosferə yayılması səbəbindən “B3” və “C1” sektorlarının bağlı qalma müddətinin uzadıldığı bildirilib. Bunun nəticəsində uçuş əməliyyatlarının saat 14:30-dək (Bakı vaxtı ilə 16:30) dayandırıldığı qeyd olunub.
Şirkət sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərlə dəqiqləşdirmələri barədə xəbərdarlıq edib.
Etna vulkanında dünən başlayan kül püskürməsi nəticəsində külün təxminən 4 kilometr yüksəkliyə qalxması səbəbindən bölgədən keçən təyyarələr üçün “qırmızı” kodlu xəbərdarlıq elan edilmişdi.
Vulkandan intensiv kül yayılması səbəbilə Kataniya Hava Limanında daxili və beynəlxalq reyslər də dayandırılmış, gün ərzində məhdudiyyətin müddəti mərhələli şəkildə bu səhərə qədər uzadılmışdı.
Etna vulkanında son illərlə müqayisədə xüsusilə bu ilin yay aylarında çoxsaylı vulkanik aktivlik qeydə alınıb. Güclü vulkanik fəaliyyət hava nəqliyyatına mənfi təsir göstərərək Siciliyanı istirahət üçün seçən çoxsaylı turistlərin planlarında problemlərə səbəb olub.
Avropanın ən aktiv vulkanlarından biri olan Etna son aylarda da intensiv kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlərlə diqqət çəkir.
