Aİ ölkələri süni intellekt qaydalarını müzakirə edəcək
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri inkişaf etmiş süni intellekt modellərinin yarada biləcəyi risklərə qarşı qlobal qaydaların hazırlanması məsələsini müzakirə etmək üçün Brüsseldə bir araya gələcək.
AFN.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Aİ-yə üzv ölkələrin nümayəndələrindən ibarət Avropa Süni İntellekt Şurası 17 sentyabr, cümə axşamı Brüsseldə toplanacaq.
Görüş zamanı Avropa Komissiyası Aİ-nin və beynəlxalq təşkilatların süni intellekt siyasəti ilə bağlı son yenilikləri barədə məlumat verəcək.
Avropa Komissiyasının rəsmiləri son dövrdə süni intellekt sahəsində baş verən hadisələrlə bağlı texniki təqdimat keçirəcəklər.
Müzakirələrdə inkişaf etmiş süni intellekt modellərinin yarada biləcəyi riskləri azaltmaq məqsədilə qlobal səviyyədə əməkdaşlıq məsələsinə diqqət yetiriləcək.
Bu çərçivədə G7, G20 və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində aparılan işlər də qiymətləndiriləcək.
Avropa Süni İntellekt Şurası Aİ-yə üzv ölkələrin nümayəndələrini bir araya gətirir və ittifaqın Süni İntellekt Aktının icrasına nəzarət etmək məqsədilə mütəmadi olaraq toplanır.
Görüş “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “OpenAI” şirkətinin baş direktoru Sem Altman və İlon Mask da daxil olmaqla texnologiya sektorunun aparıcı nümayəndələrinin süni intellektin inkişafının yavaşladılması ilə bağlı çağırışlarından sonra keçiriləcək.
ABŞ Prezidenti Donald Tramp isə süni intellekt üzrə fəaliyyətlərin yavaşladılmasının Çinə bu sahədə üstünlük qazandıra biləcəyini bildirib.
Avropa Komissiyasının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə sədr müavini Henna Virkkunen də ötən həftə qlobal süni intellekt qaydalarının hazırlanmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edib.

