Kreml: Enerji atəşkəsi təklifi çox yaxşı fikirdir
Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi elan edilməsi təklifini çox yaxşı fikir kimi qiymətləndirib.
AFN.az xəbər verir ki, Peskov Moskva şəhərində jurnalistlərə açıqlamasında təkliflə bağlı “Bu, şübhəsiz ki, çox yaxşı fikirdir. Amerikalılarla təmasdayıq. Onlarla müzakirələri davam etdirəcəyik. Biz sülh yolu ilə həllin tərəfdarıyıq” deyib.
Peskovun sözlərinə görə, belə bir atəşkəs Rusiyada neft bazarının sabitləşməsinə kömək edə bilər. Lakin o, “Neft emalı zavodlarının təhlükəsiz fəaliyyətinin təmin edilməsi və istehsalın artırılması qlobal problemləri həll etməyəcək. Əsas problem neft məhsullarının dünya bazarlarına çatdırılmasıdır” deyə bildirib.
Dmitri Peskov Ukraynanın dənizçilik təhlükəsizliyinə zəmanət verməyə hazır olmadığını iddia edib. Onun sözlərinə görə, bu səbəbdən təkcə Rusiya gəmiləri deyil, digər ölkələrin gəmiləri də zərər görür və müxtəlif ölkələrin vətəndaşları həyatını itirir.
Peskov Ukrayna ordusunun gecə saatlarında Rusiyanın enerji obyektlərinə hücum etməyə cəhd göstərdiyini bildirib. O, Rusiyadakı neft emalı zavodlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edib.
Peskov Rusiyanın Avropa ölkələrinə təbii qaz tədarükünü yenidən bərpa etməsi ehtimalını da şərh edib.
O, bunun kommersiya məsələsi olduğunu vurğulayaraq, belə bir addımın yalnız Rusiya üçün sərfəli olduğu halda mümkün ola biləcəyini bildirib. Peskov tərəflərin maraqlarının üst-üstə düşməsi halında məsələnin müzakirə edilə biləcəyini deyib.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynkin kosmosa nəzarət etmək üçün zəruri silahlara sahib olduqları barədə açıqlamasını dəyərləndirən Peskov “Biz hesab edirik ki, kosmos bütün növ silahlardan təmizlənməlidir” deyib.
Kreml sözçüsü beynəlxalq ictimaiyyətin bu istiqamətdəki təşəbbüslərini gücləndirməsinin vacibliyini vurğulayıb.
