Obama süni intellektlə bağlı qanunlar hazırlamağa çağırıb



ABŞ-nin sabiq Prezidenti Barak Obama süni intellektin təhlükəsizlik, məşğulluq və uşaqlar üzərində yarada biləcəyi mümkün təsirlərə qarşı hökumətləri bu sahədə konkret qanunvericilik addımları atmağa çağırıb.

AFN.az xəbər verir ki, ABŞ-də süni intellekt əsaslı texnologiyaların inkişaf sürəti ilə bağlı ictimai narahatlığın artması və sektor rəhbərlərinin inkişafın yavaşladılması çağırışlarından sonra bu texnologiyaların tənzimlənməsi məsələsi gündəmdə qalmaqda davam edir.

Obama “X” platformasındakı hesabında etdiyi açıqlamada süni intellektin təhlükəsizlik, məşğulluq və uşaqlar üzərində mümkün təsirlərinə qarşı hökumətlərin daha çox addım atmalı olduğunu bildirib.

Süni intellektin inkişafının tamamilə dayandırılmasının mümkün olmadığını vurğulayan Obama “Süni intellekti qutuya salmağımız mümkün deyil, lakin onun inkişafını və necə istifadə olunacağını birlikdə müəyyənləşdirə bilərik” deyib.

Obama hökumətləri süni intellektlə bağlı konkret tənzimləmələr və qanunlar hazırlamağa çağırıb.

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris də açıqlamasında süni intellekt modellərinin narahatedici sürətlə inkişaf etdiyini vurğulayıb.

Süni intellektin ictimai maraqlara xidmət etməsini təmin etmək üçün inkişaf sürətinin yavaşladılmasının və lazımi tədbirlərin görülməsinin vacibliyini bildirən Harris ABŞ Konqresini süni intellektə nəzarət edəcək federal qurumun yaradılması üçün zəruri qanunvericilik tədbirlərini həyata keçirməyə çağırıb.

ABŞ-nin süni intellekt şirkəti “Anthropic”in baş direktoru Dario Amodei şirkətin tədqiqatçısı Ceykob Koksun süni intellekt sahəsində kifayət qədər məsuliyyətli davranılmadığını əsas gətirərək istefa verməsindən sonra şirkətin internet saytında məqalə yayımlayıb.

Amodei süni intellekt texnologiyasının sürətli inkişafının sistemləri anlamaq və onlara nəzarət etmək imkanlarını çətinləşdirə biləcəyi barədə xəbərdarlıq edərək, bu texnologiyanın inkişafının nəzarət imkanlarını artıracaq şəkildə yavaşladılmasını təklif edib.

Süni intellekt şirkətlərinin bir araya gələrək təhlükəsizlik standartları müəyyənləşdirməsinin vacibliyini vurğulayan Amodeiyə İlon Mask dəstək verib. “OpenAI” şirkətinin baş direktoru Sem Altman da təklifə qoşulduğunu və müstəqil qiymətləndirmə ilə bağlı eyni addımı atacağını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu