ABŞ Husilərlə birbaşa dialoq aparır
ABŞ administrasiyası Yəməndəki “Ənsar Allah” hərəkatının Babül-Məndəb boğazındakı strateji Perim adasına nəzarəti ələ keçirməsindən sonra husilərlə birbaşa əlaqə saxlayır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib. Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin boğazdakı vəziyyətlə bağlı suallarını cavablandırıb. ABŞ rəsmisi bildirib ki, ABŞ administrasiyası Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və regiondakı digər maraqlı tərəflərlə daim əlaqə saxlayır. Onun sözlərinə görə, Vaşinqton vəziyyəti diqqətlə izləyir və husilərlə də birbaşa dialoq aparır.
“Biz vəziyyətə nəzarət etdiyimizi düşünürük. Lakin hadisələr çox sürətlə və dinamik şəkildə inkişaf edir. Baş verənləri izləməyə davam edəcəyik”, - deyə Vens bildirib.
Qeyd edək ki, bundan əvvəl Yəmən hökumət qüvvələri Perim adasını tərk edib, husilər isə Qırmızı dəniz sahilində yerləşən və adanın qarşısında yerləşən Zubab şəhərini ələ keçirib.
Yəmən hökuməti strateji ərazilərdə, o cümlədən “Ənsar Allah”ın nəzarətində olan Moha liman şəhərinə gedən yolda husilərin hərəkətinin qarşısını almaq üçün silah və aviasiya qüvvələrinin bölgəyə göndərildiyini açıqlayıb.
