Tramp və OpenAI rəhbəri süni intellektlə bağlı gizli görüş keçirib - TƏFƏRRÜAT
ABŞ Prezidenti Donald Tramp və “OpenAI” şirkətinin rəhbəri Sem Altman Respublikaçılar Partiyasının qurultayı çərçivəsində qapalı görüş keçiriblər.
AFN.az "MS NOW" telekanalına istinadən xəbər verir ki, görüş qurultayın pərdəarxası hissəsində baş tutub və əsas müzakirə mövzusu süni intellekt, eləcə də bu texnologiyanın sürətlə artan imkanları olub.
Məlumata görə, görüşün keçirilməsini Altman özü istəyib. "MS NOW"a danışan mənbələr söhbətin yalnız ümumi detallarını açıqlayıb və bildiriblər ki, tərəflər əsasən süni intellektin inkişafı və imkanlarının genişlənməsini müzakirə ediblər.
Görüşdən bir neçə gün sonra Tramp və Altman süni intellektin ən güclü sistemlərinin inkişaf tempi ilə bağlı fərqli mövqelər nümayiş etdiriblər.
Altman texnologiyanın inkişafının təhlükəsizlik tələblərinə görə müəyyən qədər yavaşladılmasının əsaslandırıla biləcəyini deyib. O, ABŞ üzərindəki rəqabət təzyiqinin süni intellekt imkanlarının onlara nəzarət mexanizmlərindən daha sürətlə inkişaf etdiyi vəziyyətə gətirib çıxarmamalı olduğunu vurğulayıb.
Tramp isə süni intellekt sahəsinə əlavə məhdudiyyətlərin tətbiqinə qarşı çıxıb. ABŞ Prezidenti bildirib ki, bu texnologiyaya “güclü və ağıllı prezidentin” nəzarəti kifayətdir. Onun fikrincə, tənzimləmənin sərtləşdirilməsi sənayenin “unudulmasına və iflasına” gətirib çıxara bilər.
Tramp uzun müddətdir süni intellekt sahəsində tənzimləmələrin minimuma endirilməsini müdafiə edir. O, 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra əvvəlki administrasiyanın bu sahə ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edib. Daha sonra isə ştatlar üzrə fərqli qaydaların əvəzinə süni intellektin tənzimlənməsi üçün vahid federal standartın hazırlanmasını nəzərdə tutan sərəncam imzalayıb.

