Xorvatiya Aİ-yə üzvlük prosesində Monteneqroya mane olacaq - İddia
Brüsseldə yerləşən “Euractiv” internet saytı Xorvatiya hökumətinin Avropa İttifaqına üzvlük danışıqlarında son mərhələyə yaxınlaşan Monteneqronun Aİ-yə üzvlüyünə mane ola biləcəyini iddia edib.
AFN.az xəbər verir ki, “Euractiv” Monteneqronun Aİ-yə üzvlük prosesində mühüm irəliləyiş əldə etdiyini və ölkənin bu ilin sonuna qədər üzvlük danışıqlarının bütün fəsillərini bağlamağı, 2028-ci ildə Aİ-yə üzv olmağı hədəflədiyini bildirib.
Xorvatiyanın isə iyul ayından etibarən nəqliyyat sektoruna dair fəslin bağlanmasına etirazını davam etdirdiyi qeyd olunub. Zaqreb rəhbərliyinin 1990-cı illərdə bölgədə baş vermiş müharibədən sonra yaranan bəzi ikitərəfli problemlərin həlli ilə bağlı Monteneqroya təzyiq göstərdiyi bildirilib.
Monteneqronun Avropa məsələləri naziri Maida Qorçeviç “Euractiv”ə açıqlamasında Xorvatiyanın Aİ-yə üzvlük prosesinə maneə yaradacağına inanmadıqlarını deyib.
Xorvatiya hökuməti Srebrenitsa soyqırımının əsas məsul şəxslərindən biri olan Ratko Mladiç üçün başsağlığı mesajı yayımlayan Monteneqro parlamentinin sədri Andriya Mandiçə də etiraz edib.
Avropa Parlamentinin xorvatiyalı deputatı Sunçana Qlavak Brüsseldə verdiyi açıqlamada Monteneqroya işarə edərək Aİ-nin genişlənməsinin yalnız danışıqlar fəsillərinin bağlanmasından ibarət olmadığını bildirib.
Qlavak demokratik dəyərlərə bağlılığın da Aİ-yə üzvlük prosesində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qorçeviç isə Srebrenitsa soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Mladiç üçün başsağlığı mesajı yayımlayan Mandiçin mövqeyini tənqid edib.
O bildirib ki, Mandiçin bu mövqeyi Monteneqronun rəsmi mövqeyini qətiyyən əks etdirmir.

