Araşdırma: Kölələşdirilən afrikalılar Britaniya kral gerbi ilə damğalanıb



Britaniya imperiyasının kölə ticarətindəki rolunu araşdıran yeni tədqiqat kölə edilmiş afrikalı insanların üzərində Britaniya kral gerbinin də yer aldığı nişanla damğalandığı məlum olub.

AFN.az xəbər verir ki, Britaniya Kölə Tacirləri Reyestri layihəsinə rəhbərlik edən professor Uilyam Pettigryu bu damğalanmanı monarxiyanın köləliklə əlaqəsinin təəccüblü və sarsıdıcı simvolu kimi qiymətləndirib.

Reyestrdə 1563-1807-ci illər arasında, kölə ticarətinin Britaniya imperiyası ərazisində ləğv edilməsinə qədər İngiltərənin köləlik sistemində iştirakına sərmayə qoyduğu məlum olan 13 min nəfərin və yüzlərlə qurumun adı yer alır.

Tədqiqatçılar bunun indiyədək milli səviyyədə kölə tacirləri icması ilə bağlı aparılmış ən geniş araşdırma olduğunu bildirirlər.

Lankaster Universitetinin tarixçisi və layihənin həmtədqiqatçısı doktor Nikolas Radbern BBC-yə açıqlamasında bildirib ki, o, 2022-ci ildə Britaniya Kitabxanasında şirkət arxivlərini araşdırarkən Cənubi Dəniz Şirkətinin loqosunun altında yerləşən tac təsvirli bu nişanı ilk dəfə aşkar edib.

1711-ci ildə yaradılan Cənubi Dəniz Şirkəti ictimai və özəl İngiltərə şirkəti kimi fəaliyyətə başlayıb və minlərlə kölə edilmiş afrikalının ticarətində iştirak edib.

Radbern damğalama qeydlərini olduqca adi adlı “Alətlər Reyestri” adlı cilddə aşkar etməsinin qeyri-adi olduğunu deyib.

2024-cü ildə hadisənin təfərrüatlarını bir araya gətirməyə kömək edən məktublar aşkarlayan Radbern onların şirkətin rəhbərliyindən İspaniya Amerikasındakı kölə tacirlərinə göndərildiyini bildirib.

Onun sözlərinə görə, məktublarda kölə ticarətinin necə həyata keçirilməsinə dair çox detallı göstərişlər verilib. 1714-cü ilin fevralına aid məktub isə Londonda yerləşən rəhbərliyin Amerikada kölə edilmiş insanlara qarşı törədilən zorakılığa birbaşa necə cəlb olunduğunu açıq şəkildə göstərdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Şirkətin rəhbərləri kölə tacirlərinə İngiltərədə hazırlanmış dəmir nişanlar göndərib. Tacirlərdən kölə edilmiş afrikalı insanların sol çiyinlərini bu emblemlə damğalamaları tələb olunub.

Məktubda bunun məqsədinin şirkətə məxsus kölələri digərlərindən fərqləndirmək olduğu qeyd edilib.

London Kral Kollecindən professor Pettigryu BBC Radio 4-ün “Today” proqramına müsahibəsində bildirib ki, monarxiya ilə köləlik arasında təkcə bu qəddar damğa deyil, çoxsaylı digər əlaqələr də mövcuddur.

O qeyd edib ki, monarxiyanın tarixində ən zəif dövrlərdən biri, Kral I Çarlzın edam edildiyi mərhələ olub. Pettigryunun sözlərinə görə, kral ailəsinin üzvləri transatlantik kölə ticarətinə sərmayə qoyaraq monarxiyanın, onun maliyyəsinin və nüfuzunun yenidən güclənməsinə kömək ediblər.

Pettigryu monarxiya institutu ilə onu idarə edən şəxslər arasında fərq qoymağın vacibliyini vurğulayıb və bu qurumun əsrlər əvvəl mövcud olan eyni institut olduğunu bildirib.

O qeyd edib ki, kölə ticarətinin monarxiyanın nüfuzunun bərpasında və mövqeyinin gücləndirilməsindəki rolundan danışarkən, bu gün də Britaniya həyatının mühüm hissəsi olan bir qurum nəzərdə tutulur.

Bukingem Sarayının açıqlamasında Kral III Çarlzın köləlik məsələsi barədə daha geniş anlayışın formalaşdırılmasına və müasir icmaların xeyrinə tarixi yanlışlıqların aradan qaldırılması yollarının tapılmasına şəxsi və səmimi bağlılığını dəfələrlə ifadə etdiyi bildirilib.

Açıqlamada kralın bu sahədə akademik araşdırmalar aparan və belə məsələlərin ən yaxşı şəkildə necə həll edilə biləcəyi ilə bağlı müzakirələrə töhfə verən şəxslərə minnətdar olduğu qeyd olunub.

Tədqiqatçılar bildirirlər ki, reyestr monarxlardan və siyasətçilərdən tutmuş santexniklərə və din xadimlərinə qədər hansı şəxslərin kölə ticarətinə maliyyə dəstəyi verdiyinin miqyasını ortaya qoyur.

Pettigryunun sözlərinə görə, bu şəxslər müharibələri maliyyələşdirib, müasir sənayenin formalaşmasına təsir göstərib, limanlar, kanallar və inkişaf edən şəhərlər inşa etməklə İngiltərənin qlobal və imperiya gücünə çevrilməsinə kömək ediblər.

Transatlantik kölə ticarətinə və ya bu ticarəti mümkün edən şirkətlərə maliyyə dəstəyi verən şəxslərin hamısı məlumat bazasına daxil edilib.

Qeyd edək ki, reyestr Pettigryu və onun komandasının beşillik araşdırmasının nəticəsidir. Tədqiqat ingilislərin, daha sonra isə britaniyalıların kölə edilmiş afrikalıların transatlantik daşınmasına necə maliyyə dəstəyi verdiyini ortaya çıxarmağı hədəfləyir.

London Kral Kollecinin məlumatına görə, bu maliyyə dəstəyi İngiltərənin təxminən 3 milyon afrikalı kişi, qadın və uşağın kölə edilməsində oynadığı rola töhfə verib. Onlardan təxminən 500 mini məcburi daşınma zamanı həyatını itirib.

Afrika və Karib ölkələri transatlantik kölə ticarətindən faydalanan dövlətlərdən rəsmi üzr və təzminat tələb edirlər.

Sentyabrın əvvəlində Yamayka hökuməti köləliklə bağlı təzminat tələbinə dair petisiyanı ölkənin dövlət başçısı Kral III Çarlza təqdim edəcəyini açıqlamışdı.

Yamaykanın mədəniyyət naziri Oliviya Qrenc bildirib ki, petisiyada kraldan Yamaykada afrikalıların kölə edilməsinin qanuniliyi ilə bağlı üç sualın Məşvərət Şurasının Məhkəmə Komitəsinə göndərilməsi xahiş olunacaq.

Qrenc bunun afrikalı əcdadların məruz qaldığı ən dəhşətli zorakılıq və istismarın əsrlərlə davam edən dövrü ilə bağlı çoxdan gözlənilən razılaşmaya yol açacağına ümid etdiyini bildirib.

Ötən həftə Dauninq-stritin sözçüsü transatlantik kölə ticarətinin iyrənc olduğunu, lakin İngiltərənin mövqeyinin təzminat ödəməmək istiqamətində qaldığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu