Argentina Britaniyaya Malvinas danışıqlarını bərpa etməyi təklif edir

Argentina hakimiyyəti Londonun Çaqos arxipelaqını Mavrikiyaya köçürməsindən sonra Britaniyanı mübahisəli Malvinas (Folklend) adaları ilə bağlı danışıqları bərpa etməyə çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu kontekstdə Argentina bir daha Böyük Britaniyanı BMT Baş Assambleyasının 2065 saylı qətnaməsi ilə müəyyən edilmiş Malvinas adaları, Cənubi Corciya adaları, Cənubi Sandviç adaları və ona bitişik dəniz ərazilərinin suverenliyi ilə bağlı danışıqları bərpa etməyə çağırır”, - deyə mətndə bildirilir.
Argentina Xarici İşlər Nazirliyinin məlumatına görə, Böyük Britaniya və Mavrikiy arasında razılaşma bu cür mübahisələrin sülh yolu ilə həll oluna biləcəyini göstərən nümunədir. "Bu, dekolonizasiya prosesində tarixi əhəmiyyət kəsb edən hadisədir", - deyə XİN-in açıqlamasında qeyd olunur.
Mayın 22-də Böyük Britaniyanın baş naziri Keyr Starmer Mavrikiy ilə Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqının onun suverenliyinə verilməsi haqqında sazişin imzalandığını elan edib. Bu, Dieqo Qarsiya adasında Britaniya-Amerika hərbi bazasının saxlanmasını nəzərdə tutur.
Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları (Malvinas adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ilin aprelində ölkələr arasında silahlı qarşıdurma baş verib. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 hərbi qulluqçusunu itirərək, məğlubiyyətə uğrayıb.
2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti ərazinin krallığın mülkiyyətində qalması üçün referendumda səs verdi. Argentina plebisitin nəticələrini tanımayıb.