Panama kanalında gəmi hərəkəti yenidən məhdudlaşdırılacaq
El-Nino iqlim hadisəsinin yaratdığı quraqlığın daha da şiddətlənməsi fonunda Panama dünyanın ən mühüm dəniz nəqliyyatı marşrutlarından biri olan Panama kanalında gəmi hərəkətini yenidən azaltmağı planlaşdırır.
AFN.az xəbər verir ki, dünya dəniz ticarətinin 5 faizini, ABŞ-nin konteyner daşımalarının isə təxminən 40 faizini həyata keçirən kanal xüsusilə Çin, Asiya və ABŞ arasında yükdaşıma həyata keçirən şirkətlər tərəfindən daha aşağı xərc və daha qısa tranzit müddətinə görə istifadə olunur.
Panama parlamentinə təqdim edilən layihəyə əsasən, oktyabrdan etibarən kanaldan gündə orta hesabla 29,5 gəminin keçməsinə icazə veriləcək. Bu göstərici avqust ayında qeydə alınan 36 gəmi ilə müqayisədə 18 faiz azdır.
Sentyabr ayında rəsmilər quraqlıq səbəbindən gündəlik keçid sayını 36-dan 32-yə endirmişdi.
ABŞ və İsrailin İrana qarşı apardığı müharibə və Hörmüz boğazında yaranan problemlər logistikanı daha da mürəkkəbləşdirib və kanaldan istifadə edən yükdaşıma şirkətlərinin xərclərini artırıb.
Avqust ayında gəmilərin kanala daxil olmaq üçün 10 gün gözlədiyi bildirilmişdi. Bu, may ayından bəri ən uzun gözləmə müddəti olub. Həmçinin bir konteyner gəmisinin növbədən kənar keçmək üçün təxminən 4 milyon dollar (3 milyon funt sterlinq) ödədiyi açıqlanmışdı.
Dənizçilik şirkətləri adətən kanaldan keçid vaxtını əvvəlcədən rezerv etmək üçün sabit ödəniş edir. Bununla yanaşı, gündəlik keçirilən hərrac gəmi sahiblərinə növbəni keçmək üçün təklif verməyə imkan yaradır. Tələbatın yüksək olduğu dövrlərdə hərrac qiymətləri də artır.
El-Ninonun bu ilin sonlarına doğru pik həddə çatacağı gözlənildiyindən kanalda yükdaşımalara tətbiq edilən məhdudiyyətlərin daha da sərtləşə biləcəyi bildirilir. Dünyada küləklərin, atmosfer təzyiqinin və yağıntı rejimlərinin dəyişməsinə səbəb olan bu təbii iqlim hadisəsinin son 40 ilin ən güclüsü olacağı proqnozlaşdırılır.
Karib dənizini Sakit okeanla birləşdirən 82 kilometr uzunluğundakı Panama kanalı şlüz sisteminin işləməsi üçün Qatun gölünü qidalandıran çayların şirin suyundan asılıdır. Sentyabr ayında rəsmilər su toplama hövzəsinə düşən yağıntının gözləniləndən az olduğunu açıqlayıb.
Kanalın şlüzləri lift kimi fəaliyyət göstərir. Gəmilər su ilə doldurulan hovuzlar vasitəsilə dəniz səviyyəsindən 26 metr (85 fut) yüksəklikdə yerləşən Qatun gölünə qaldırılır, daha sonra digər tərəfdə yenidən dəniz səviyyəsinə endirilir.
Göldəki su səviyyəsi ən böyük gəmilərin keçidi üçün təhlükəsiz həddən aşağı düşdükdə Panama Kanalı İdarəsi təhlükəsizliyi təmin etmək və su ehtiyatlarını qorumaq məqsədilə məhdudiyyətlər tətbiq edir.
2023-cü ildə kanalı qidalandıran göllərdə su səviyyəsi o qədər aşağı düşmüşdü ki, rəsmilər gündəlik keçid sayını 38-dən 22-yə endirmişdi. Bu məhdudiyyətlər kanalda gəmi sıxlığına səbəb olmuş və şirkətləri alternativ marşrutlar axtarmağa vadar etmişdi.
El-Ninyo Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissələrinə ciddi təsir göstərib. Bu regionda 9 ölkə iyun-avqust dövrünü tarixlərindəki ən isti mövsüm kimi keçirib.
Avropa İttifaqının “Kopernik” proqramının meteoroloji məlumatlarının “Agence France-Presse” tərəfindən aparılan təhlilinə görə, bütün qitələrdə 52 ölkə həmin dövr üzrə mövsümi temperatur rekordlarını yeniləyib.
Ekstremal istilər Avropada görünməmiş istilik dalğalarından Sudandakı dağıdıcı quraqlığa və İndoneziyadakı zəhərli tüstüyə qədər müxtəlif formalarda özünü göstərib.
Tarixdə ən isti şimal yayını yaşayan insanların üçdə birindən çoxu Afrikada, xüsusilə Sahel bölgəsində və qitənin cənub hissəsində yaşayıb.
Qərbdə Mavritaniya və Syerra-Leonedən şərqdə Eritreya və Efiopiyaya qədər 18 Afrika ölkəsi iyun-avqust dövrü üzrə mövsümi temperatur rekordlarını yeniləyib.
