İranlı nazirin 30 il əvvəlki terror aktına görə həbsi istənilir
Argentina 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə qarşı törədilən və 85 nəfərin ölümü ilə nəticələnən terror aktına görə İranın daxili işlər naziri Əhməd Vahidinin həbsinə beynəlxalq order verib və onun həbsini tələb edib.
“Al Arabiya” xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, aprelin 12-də Argentina məhkəməsi AMİA yəhudi icma mərkəzinə hücumda və 1992-ci ildə İsrail səfirliyinin bombalanmasında İranı günahlandırıb. Prokurorlar İranın yüksək rütbəli məmurlarını hücumu təşkil etməkdə günahlandırsalar da, Tehran hər hansı əlaqəni inkar edir.
Argentina tərəfi AMIA-ya hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini istədiyini bildirib. “Onlardan biri Argentina ədliyyəsi tərəfindən hücumun səbəbkarlarından biri kimi axtarışda olan Əhməd Vahididir”, - deyə bəyanatda bildirilir.
İranlı nazir hazırda Pakistan və Şri-Lankaya səfər edən hökumət heyətinin tərkibindədir, ona görə də Argentina hakimiyyəti bu ölkələrin hökumətlərindən İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq onu həbs etməyi xahiş edib.