İlon Maskdan süni intellekt təhlükəsinə cavab



ABŞ-nin Los-Anceles şəhərində keçirilən süni intellekt və innovasiya sammiti “All-In Summit 2026”da çıxış edən İlon Mask süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı artan narahatlıqları dəyərləndirib.

AFN.az xəbər verir ki, Maskdan süni intellekt sektorunda son dövrlərdə gündəmə gətirilən risklərə istinad edilərək “Hamımız 10 il ərzində öləcəyikmi?” sualı soruşulub.

Süni intellektdən qaynaqlanan təhlükələrin ciddi həddə çatdığı barədə xəbərdarlıq edən Mask suala istehzalı şəkildə cavab verib. “Sizi məyus etmək istəmirəm, amma bir gün onsuz da hamımız öləcəyik”, - deyə o bildirib.

Mask təhlükəsizliklə bağlı daha çox tədbir görülmədiyi təqdirdə süni intellekt modelləri inkişaf etdikcə risklərin də artacağını vurğulayıb.

Süni intellektin bəşəriyyət üçün hansı təhlükə yarada biləcəyi barədə suala cavab verən Mask “Hərbi sistemlərin nəzarətini ələ keçirib, məsələn, nüvə silahının buraxılması əmrini verməsi pis olardı” deyə bildirib.

Mask “OpenAI” şirkətinin keçirdiyi kibertəhlükəsizlik sınağında süni intellekt agentlərinin “Hugging Face” platformasının infrastrukturundakı sistemləri hədəf alan kiberhücumlar həyata keçirməsini də xatırladıb.

O, kifayət qədər inkişaf etmiş süni intellekt modellərinin onlara tətbiq edilən məhdudiyyətlərdən xilas ola biləcəyini müdafiə edib.

Mask aparıcı süni intellekt şirkətlərinin yeni modellərini istifadəyə verməzdən əvvəl bir-birlərinin sistemlərini təhlükəsizlik baxımından sınaqdan keçirməsini təklif edib.

Bu məsələdə Çinlə də razılığa gəlməyin mümkün olduğunu bildirən Mask aparıcı süni intellekt şirkətləri arasında qarşılıqlı nəzarət mexanizminin mümkün qədər tez tətbiq edilməsinin vacibliyini qeyd edib.

“OpenAI” və “Anthropic” şirkətlərində son 3 il ərzində tədqiqatçı kimi çalışan Yakob Kokson hər iki şirkətin süni intellekt məsələsində kifayət qədər məsuliyyətli davranmadığını bildirərək “Anthropic”dən istefa verib.

Kokson şirkətlərin özünü inkişaf etdirə bilən süni intellekt sistemləri yaratmaq üçün nəzarətsiz yarışa girdiyini iddia edib. O, bu sistemlərin yaxın gələcəkdə hər şeyi sındıra biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini müdafiə edib.

Kokson həmçinin süni intellekt modellərini inkişaf etdirən bəzi sektor əməkdaşlarının bu sistemlərin 10 il ərzində bəşəriyyəti öldürə biləcəyinə ciddi şəkildə inandığını iddia edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu