Rusiya: Ukrayna böhranının həlli üzrə sülh danışıqlarına açığıq
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı sülh danışıqlarına açıq olduqlarını bildirərək, “Rusiya (Ukrayna ilə bağlı) məqsədə sülh yolu ilə çatmağa üstünlük verir” deyib.
AFN.az xəbər verir ki, sözçü Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanovun “Rusiya və Ukrayna nümayəndə heyətləri sentyabrda görüşə bilər” açıqlamasını dəyərləndirən Peskov bu barədə məlumatının olmadığını bildirib.
Peskov “Amerikalılarla (Ukrayna məsələsi ilə bağlı) işçi səviyyədə təmaslar davam etdirilir. Əlbəttə, sülh danışıqlarına açığıq” ifadələrini işlədib.
Rusiyanın gələcəkdə bir NATO ölkəsinə məhdud şəkildə hücum edəcəyi ilə bağlı iddialara münasibət bildirən Peskov bunları deyib:
“Bunun reallıqla və Rusiyanın niyyəti ilə heç bir əlaqəsi yoxdur. Rusiya (Ukrayna ilə bağlı) məqsədə sülh yolu ilə çatmağa üstünlük verir. Lakin bunun hazırda mümkün olmaması səbəbindən (Ukraynada) xüsusi hərbi əməliyyat davam edir. Rusiya bunu təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq üçün edir. Bununla yanaşı, Rusiya Avropa ölkələrinin təcavüzkar siyasəti ilə üzləşir.”
Avropanın dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün istifadəsinin qanunsuz olduğunu vurğulayan Peskov buna qarşı tədbirlər görəcəklərini bildirib.
Sözçü Peskov Kremlin Xarici Siyasət müşaviri Yuri Uşakovun Vatikanın Dövlətlərlə və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi (xarici işlər naziri) arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb-görüşmədiyi barədə suala cavab verməyib.
