Yaponiyada 14 mindən çox ayı öldürüldü



Yaponiyada insanlara qarşı ölümcül ayı hücumlarının rekord həddə çatmasından sonra hökumət son bir ildə 14 mindən çox ayını məhv edib. Mütəxəssislər isə genişmiqyaslı ovun həm nəsli təhlükə altında olan növü riskə ata biləcəyi, həm də hücumların qarşısını uzunmüddətli şəkildə ala bilməyəcəyi barədə xəbərdarlıq edirlər.

AFN.az xəbər verir ki, Yaponiyada meşələrdə qida qıtlığı və kənd ərazilərinin boşalması səbəbindən yaşayış məntəqələrinə enən ayılarla insanlar arasındakı qarşıdurmalar tarixdə ən yüksək səviyyəyə çatıb.

Ötən il ölkədə 230-dan çox insanın ayı hücumuna məruz qalması və 13 nəfərin həyatını itirməsi ilə əlaqədar səlahiyyətli qurumlar hərəkətə keçib.

Hökumətin yaşayış məntəqələrində ov qaydalarını yumşaltması və ölkə üzrə tələlərin qurulmasının ardından təxminən 12 min Asiya qara ayısı, 2 min isə qonur ayı olmaqla 14 mindən çox ayı öldürülüb.

Ölkədəki ayı populyasiyasının təxminən dörddə birinin məhv edilməsinə baxmayaraq, hadisələr sona çatmayıb. Yeni ov mövsümünün əvvəlindən etibarən ən azı 9 fərqli bölgədə 35-dən çox hücum qeydə alınıb, 6 nəfər həyatını itirib. Yaşayış məntəqələrində ayıların görünməsi səbəbilə bəzi şəhərlərdə onlarla məktəbdə təhsilə fasilə verilib.

Ənənəvi lisenziyalı ovçuların sayının illər ərzində yarıdan çox azalması səbəbilə yerli idarələr tələyə salma üsullarına üstünlük verərkən, səlahiyyətli qurumlar insanlarla ayılar arasında artan təmasların qarşısını almaqda çətinlik çəkirlər.

Ətraf mühit təşkilatları və vəhşi təbiət üzrə mütəxəssislər qlobal miqyasda nəsli kəsilmək təhlükəsi ilə üzləşən Asiya qara ayılarının bu sürətlə öldürülməsinin yerli məhvolmalara səbəb ola biləcəyini bildirirlər.

Yaponiyadakı ayıların real sayının dəqiq bilinmədiyini vurğulayan mütəxəssislər elmi sayım məlumatları olmadan həyata keçirilən intensiv məhvetmə tədbirlərinin populyasiyaya bərpası mümkün olmayan zərər vura biləcəyini qeyd edirlər. Ətraf Mühit Nazirliyi isə vəziyyəti müəyyənləşdirmək üçün üç il davam edəcək genişmiqyaslı sayım işinə başlayıb.

Hücumların əsas səbəblərindən biri iqlim dəyişikliyinin meşə ekosisteminə vurduğu zərərdir. Həddindən artıq istilər və quraqlıq səbəbilə ayıların qış yuxusundan əvvəl əsas qidası olan palıd və fıstıq toxumlarında böyük itkilər yaşanır. Meşədə kifayət qədər qida tapa bilməyən heyvanlar gənc əhalinin şəhərlərə köçməsi nəticəsində tərk edilmiş bağlara və baxımsız meyvə ağaclarının olduğu kəndlərə enirlər.

Vəhşi təbiət üzrə mütəxəssislər birbaşa öldürməyə yönəlmiş yanaşmalar əvəzinə yaşayış məntəqələrinin ətrafına çəkindirici hasarların çəkilməsi, açıqda qalan üzvi tullantıların toplanması və kritik dövrlərdə meşələrə nəzarətli şəkildə qida buraxılması kimi qoruyucu tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu