Keçmiş Mavritaniya xarici işlər naziri İƏT-iın yeni baş katibi seçildi
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibliyinə keçmiş Mavritaniya xarici işlər naziri İsmayıl Vild əş-Şeyx Əhməd seçilib.
AFN.az xəbər verir ki, İƏT Xarici İşlər Nazirləri Şurası Fələstin və Qüdsdə baş verən hadisələri müzakirə etmək və təşkilata yeni baş katib seçmək məqsədilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində fövqəladə toplantı keçirib.
Əhməd Hüseyn İbrahim Tahanın yerinə İƏT-in yeni baş katibi olub.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan toplantıda çıxışı zamanı regionun keçdiyi həssas dövr və İslam dünyasının iqtisadi, sosial və təhlükəsizlik baxımından üzləşdiyi problemlər nəzərə alındıqda İslam əməkdaşlığının zəruri hala gəldiyini, heç bir ölkənin bu problemlərin öhdəsindən təkbaşına gələ bilməyəcəyini bildirib.
Səudiyyə Ərəbistanının müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı dəyişməz mövqeyini təkrarlayan Bin Fərhan, İsrail rəhbərliyinin Şərqi Qüds ilə İordan çayının qərb sahilini bir-birindən ayırmağı hədəfləyən E1 qanunsuz məskunlaşma layihəsini kəskin şəkildə pislədiklərini qeyd edib.
Bin Fərhan bu layihənin yeni yaşayış məntəqələrinin tikilməsindən əlavə, müstəqil Fələstin dövlətinin yaradılmasını birbaşa təhdid etdiyi üçün təhlükəli olduğunu vurğulayıb.
Mavritaniyada bir müddət Xarici İşlər Nazirliyində və Prezident Aparatında rəhbər vəzifələrdə çalışan İsmayıl Vild Şeyx Əhməd BMT çərçivəsində Yəmən, Liviya və Suriya üzrə nümayəndəlik və missiyalara rəhbərlik edib.




