ABŞ-ın Avropadakı raket ehtiyatlarının kritik həddən də aşağı düşdüyü iddia edildi
ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə səbəbilə ABŞ ordusunun Avropadakı Patriot başda olmaqla bir çox raket sistemindəki ehtiyatlarının kritik həddən də aşağı düşdüyü iddia edilib.
AFN.az xəbər verir ki, adları açıqlanmayan Avropada xidmət edən bir ABŞ müdafiə rəsmisi və bir NATO rəsmisi “Associated Press”ə (AP) verdikləri açıqlamada ABŞ ordusunun Avropada kritik həddin altında inkişaf etmiş raketdən müdafiə sistemi çatışmazlığı yaşadığını irəli sürüblər.
Mənbələr bu çatışmazlığın böyük ölçüdə ABŞ/İsrail-İran müharibəsi səbəbilə yaşandığını iddia ediblər.
ABŞ-ın müdafiə rəsmisi ən narahatedici çatışmazlığın Patriot raketlərinin qarşısını alan sursatlarla bağlı olduğunu irəli sürərkən, NATO rəsmisi isə Avropadakı ABŞ və NATO qüvvələri arasında Patriot ehtiyatlarının az olduğunu bildirib.
ABŞ ordusunun Avropada mümkün hər hansı uzunmüddətli ballistik raket hücumunun qarşısını almağa kifayət edəcək qədər Patriot raketinə qətiyyən sahib olmadığını iddia edən müdafiə rəsmisi marşrutundan yayınan Rusiya raketinə qarşı müdafiə qabiliyyətinin çox məhdud olacağını söyləyib.
ABŞ-ın müharibənin ilk ayında 850-dən çox Tomahawk raketi, 1000-dən çox Patriot və Terminal Yüksək Hündürlük Hava Hücumundan Müdafiə (THAAD) raketindən istifadə etdiyi, həmçinin ordunun taktiki ballistik raketlərindən 1300-dən çoxunu atdığı bildirilir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə görə, müharibədən əvvəl təxminən 2 min 200 olan qlobal Patriot raketi ehtiyatı 827-nin, 452 olan THAAD raketi ehtiyatı isə 278-in altına düşüb.
ABŞ Müdafiə Nazirliyi aprel ayında kritik raket komponentlərinin istehsal gücünü üç dəfə artırmaq məqsədilə Boeing və Lockheed Martin ilə çərçivə sazişinə gəlindiyini açıqlamışdı.
Pentaqonda xidmət edən yüksək rütbəli Hərbi Hava Qüvvələri rəsmisi Devid Tabor may ayında Senatda verdiyi açıqlamada 135 PUA-nın qaldığını bildirmişdi.
Son dövrlərdə ABŞ mətbuatında İrana qarşı hücumlarda istifadə edilən sursat ehtiyatlarının “narahatedici səviyyədə” azaldığına dair iddialara geniş yer verilib, ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla yüksək vəzifəli rəsmilər bu iddiaları rədd ediblər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) MQ-9 Reaper-lərlə bağlı açıqlama verməsə də, “bu vaxta qədər ordunun sursat ehtiyatının azaldığına” dair iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Tramp da ehtiyatlarla bağlı problem olmadığını və sursat istehsalının sürətlə davam etdiyini bildirib. Lakin ehtiyatlardakı azalmanın keçmiş prezident Co Bayden dövründə Ukraynaya göstərilən hərbi yardımlardan qaynaqlandığını müdafiə edərək, “Əsl səbəb Baydenin Ukraynaya 300 milyard dollarlıq dəstək verməsidir” ifadəsini işlədib.
“Washington Post” qəzetinin xəbərinə görə, adları açıqlanmayan ABŞ rəsmiləri İranla müharibə zamanı Hörmüz boğazı ətrafında intensiv istifadə edilən MQ-9 Reaper PUA-larından 45-nin itirildiyini iddia ediblər.
Mənbələr bu sayın MQ-9 Reaper donanmasının təxminən 25 faizinə uyğun gəldiyini bildirərək, itirilən PUA-ların hamısının İran tərəfindən vurularaq salınmadığını, bəzilərinin operatorları ilə əlaqənin kəsilməsindən sonra düşdüyünü ifadə ediblər.

