Tramp: Rusiya NATO ərazisinə hücum etməyəcək
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, “(Putinlə) Onunla məhsuldar görüşlər keçirmişəm. NATO ərazisinə hücum etməyəcək” deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Oval Kabinetdə keçirdiyi prezident fərmanının imzalanması mərasimindən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Tramp Rusiyanın NATO ərazisinə hər hansı hücum edib-etməyəcəyi ilə bağlı müzakirələrə toxunaraq, Moskvanın bu istiqamətdə addım atacağını düşünmədiyini vurğulayıb.
ABŞ Prezidenti bununla bağlı suala “(Putinlə) Onunla məhsuldar görüşlər keçirmişəm. NATO ərazisinə hücum etməyəcək” cavabını verib.
Rusiya ilə İran arasında nüvə proqramı ilə bağlı keçirildiyi bildirilən son görüşləri də şərh edən Tramp, Moskvaya bu məsələdə sanksiya tətbiq etməyə açıq qapı saxlayıb.
Sanksiya ilə bağlı qərarın “vəziyyətdən asılı” olduğunu deyən ABŞ Prezidenti bu prosesi yaxından izləyəcəklərini bildirib.
Tramp həmçinin ABŞ-ın İranla yaxın münasibətdə olduğu bildirilən Çin banklarına niyə sanksiya tətbiq etmədiyi ilə bağlı suala “Tətbiq etmədiyimi haradan bilirsiniz? Etdiyim hər şeyi sizə izah etməliyəm?” deyə cavab verib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya həyata keçirdiyi gizli səfərin məqsədinin Rusiya rəsmilərinə NATO üzvü ölkələrə və Baltikyanı dövlətlərə hücumlardan çəkinmələri barədə xəbərdarlıq etmək olduğu iddia edilmişdi.
“Wall Street Journal” (WSJ) qəzetinə danışan ABŞ rəsmiləri Retkliffin səfərinin, Rusiya Prezidenti Vladimir Putinin bir neçə il ərzində müttəfiq ölkəyə hücum edərək NATO-nun qətiyyətini sınaya biləcəyini proqnozlaşdıran yaxın tarixli ABŞ kəşfiyyat qiymətləndirmələrindən sonra baş verdiyini bildiriblər.
