Zelenski: Rusiya 5 il ərzində NATO üzvü olan bir ölkəyə hücum edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin NATO-nu sınamaq üçün qarşıdakı 5 il ərzində alyansa üzv olan bir ölkəyə hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
Zelenski bu fikirləri Britaniyanın Sky News televiziya kanalına verdiyi müsahibəsində Rusiya–Ukrayna müharibəsi və NATO müttəfiqlərinin yeni müdafiə hədəfləri ilə bağlı danışarkən səsləndirib.
NATO üzvlərinin müdafiə xərclərini 2035-ci ilə qədər ümumi daxili məhsullarının (ÜDM) 5 faizinə çatdırmaq planlarını çox ləng adlandıran Zelenski “2030-cu ildən etibarən Putinin əhəmiyyətli dərəcədə daha böyük imkanlara sahib ola biləcəyinə inanırıq. Hazırda Ukrayna onu məşğul edir, ordunu hazırlamaq üçün vaxtı yoxdur” deyib.
Zelenski Putinin NATO alyansını sınamaq üçün 5 il ərzində bir NATO üzvünə hücum edə biləcəyini vurğulayıb.
İsrail–İran böhranı və Orta Şərqdə mümkün müharibənin Ukraynaya təsiri ilə bağlı suala cavab olaraq Zelenski ABŞ da daxil olmaqla tərəfdaşlardan gələn yardımın azala biləcəyini başa düşdüklərini və bunun onlar üçün çətinlik yaradacağını bildirib.
ABŞ Prezidenti Donald Trampla münasibətləri barədə isə Zelenski hər hansı bir tənqiddən çəkinib. Əvəzində o, Trampın Putinlə olan münasibətlərinə diqqət çəkərək onların qısamüddətli tərəfdaş olduğunu, lakin dost olmadıqlarını deyib.