Uqanda kralı vəfat edib
Uqandanın qərbində yerləşən ənənəvi Toro krallığının kralı IV Oyo Nyimba Kabamba İquru Rukidi 34 yaşında vəfat edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Baş naziri Kalvin Armstronq Rvomiiro Akiiki məlumat verib.
"Dərin hüznlə Əlahəzrət Omukama Toro, kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin 27 avqust 2026-cı il, cümə axşamı saat 22:00 radələrində vəfat etdiyini bildirirəm", - deyə Baş nazirin bəyanatında qeyd olunur.
16 aprel 1992-ci ildə doğulan Oyo, atası III Patrik Devid Metyu Kaboyo Oliminin vəfatından sonra, 12 sentyabr 1995-ci ildə cəmi üç yaşında taxta çıxmışdı. Həmin vaxt o, dünyanın ən gənc monarxı hesab edilirdi. Yetkinlik yaşına çatana qədər krallığın idarə olunmasında ona qəyyumluq şurası kömək edib.
Demək olar ki, 31 il taxtda olan Oyo Uqandanın ən tanınmış ənənəvi hökmdarlarından biri idi. Krallıq rəhbərliyi onun arxasında bir varis qoyduğunu və adının tezliklə açıqlanacağını bildirib.
Toro müasir Uqandanın ənənəvi krallıqlarından biridir. Bu krallıqların hökmdarları dövlət səviyyəsində siyasi hakimiyyətə malik olmasalar da, regionların mədəni və ictimai həyatında mühüm rol oynayırlar.

