Belçika XİN ABŞ səfirini çağırıb


Belçikanın xarici işlər naziri Maksim Prevo səhiyyə nazirinin sosial şəbəkələrdə ələ salınmasına görə ABŞ səfiri Bill Uaytı nazirliyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, Uayt bundan əvvəl Belçikanın səhiyyə naziri Frank Vandenbrukun süni intellektlə hazırlandığı ehtimal edilən fotosunu sosial şəbəkədə paylaşıb və "Belçikanın əsas uduzanı kimdir?" sözlərini yazıb. Fotoda nazirin portreti siqaret qutusunun üzərində təsvir olunub və qutunun üzərində "Vandenbruk. Həyatın hər cür sevincini məhv edir" yazısı yer alıb. Prevo cavabında bəyan edib ki, səfir tərəfindən hökumət üzvünün ünvanına bu cür təhqiramiz ifadələrin işlədilməsi qəbuledilməzdir. Belçika XİN səfirin çağırıldığını təsdiqləyib.

Nəşr xatırladıb ki, mart ayında Vandenbruk alkoqol reklamlarındakı xəbərdarlıq mətni ilə bağlı qanun təklif edib. Təklifə əsasən, "alkoqoldan sui-istifadə sağlamlığa zərər vurur" ifadəsi "alkoqol sağlamlığa zərər vurur" sözləri ilə əvəz olunmalıdır. "Politico"ya görə, Uaytın paylaşımı, çox guman ki, məhz bu təşəbbüsün ələ salınmasıdır.

Fevral ayında da Uayt yəhudi icmasında tibbi lisenziya olmadan sünnət əməliyyatlarının aparılması işinin araşdırılmasına görə Brusseli antisemitizmdə ittiham etdikdən sonra XİN-ə çağırılmışdı. Həmin vaxt ABŞ səfiri "X" şəbəkəsində silsilə paylaşımlar edərək krallığın nüfuzuna "ləkə düşdüyünü" və "bütün dünyanın Belçikanı antisemit dövlət kimi gördüyünü" iddia etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu