İngiltərədə sərxoş və aqressiv eşşək arıları ilə bağlı xəbərdarlıq



İngiltərənin bəzi bölgələrində eşşək arılarının çürüyən meyvələrlə qidalanaraq sərxoş, qəzəbli və aqressiv hala gəldiyi bildirilib. Mütəxəssislər əhalini diqqətli olmağa çağırıblar.

AFN.az xəbər verir ki, İngiltərə Zərərvericilərə Nəzarət Assosiasiyasının (BPCA) məlumatına görə, yay mövsümünün sonuna yaxınlaşdıqca həşəratlar fermentləşmiş meyvələrə axın edir və bu da onların sərsəmləməsinə səbəb olur.

Sərxoş olan eşşək arılarının sancma ehtimalının daha yüksək olduğunu bildirən mütəxəssislər ailələrin yuvalara müdaxilə etməməli olduğunu vurğulayıblar. Hull bölgəsində yaşayan vətəndaşlara xəbərdarlıq edən BPCA yuvaların götürülməsinin zəruri olub-olmadığının diqqətlə qiymətləndirilməsini və ehtiyac yaranarsa peşəkar zərərvericilərə nəzarət qrupları ilə əlaqə saxlanılmasını tövsiyə edib.

Ətraf mühit üzrə rəsmilər yay sonunda ana arıların ehtiyac duyduğu nektar ehtiyatının tamamlanması ilə “işsiz” qalan işçi arıların fermentləşmiş meyvələrlə sərxoş olaraq dolaşmasının məlum hal olduğunu bildiriblər.

Eşşək arısı sancmalarının ölümcül ola bilən anafilaksi adlı allergik reaksiyaya səbəb ola biləcəyinə diqqət çəkilib.

BPCA rəsmisi Natali Banqey arılara mümkün qədər müdaxilə edilməməli olduğunu bildirərək, “Arılar və eşşək arıları kimi tozlandırıcılar tozlanmaya töhfə verir; mümkün olduğu halda onları öz halına buraxmaq lazımdır. Lakin yuva insanların sıx hərəkət etdiyi yerdədirsə, peşəkar yardım alınmalıdır” deyib.

Banqey əlavə edib ki, eşşək arıları təbiətin zərərvericilərə nəzarətçiləridir və bağlar üçün faydalı ola bilərlər, lakin ağac koğuşlarından daxmalara, unitaz çənlərindən musiqi alətlərinə qədər bir çox fərqli yerdə yuva qura bilirlər.

Digər tərəfdən, Britaniya Qızıl Xaçı həşərat sancmalarına qarşı yanınızda kredit kartı saxlamağı tövsiyə edir. Rəsmilər dəridə qalan iynənin pinset əvəzinə kredit kartının kənarı ilə qaşınaraq çıxarılmasının daha təhlükəsiz olduğunu, pinsetdən istifadənin isə iynədəki zəhər kisəsini partladaraq zəhərin bədənə yayılmasına səbəb ola biləcəyini xatırladırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu