AK-nın iclası vaxtilə "insan zooparkı" olan Afrika Sarayında keçiriləcək


Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen miqrasiya məsələlərinə dair növbədənkənar iclası Brüssel yaxınlığındakı Afrika Sarayında (2018-ci ilə qədər Müstəmləkələr Sarayı adlanıb) keçirmək qərarı verib.

AFN.az "Euractiv" portalına istinadən xəbər verir ki, bu bina Kral II Leopold tərəfindən məhz 1897-ci il Ümumdünya Sərgisi üçün inşa edilib və həmin tədbirin əsas "ekspozisiyası" Belçika tarixinin ən böyük "insan zooparkı" olub.

Məlumata görə, fon der Lyayen Afrika Sarayında avrokomissarlarla miqrasiya və "Frontex" agentliyinin gücləndirilməsi mövzusunu müzakirə etməyi planlaşdırır. Bu blok onun sentyabrda Avropa Parlamentində çıxış edəcəyi və 2026-cı ilin payızı – 2027-ci ilin yayı siyasi mövsümü üçün prioritetləri müəyyən edən "Aİ-nin vəziyyəti haqqında" illik proqram nitqinə daxil ediləcək. Məsələnin proqrama salınmasına Seutadakı miqrasiya böhranının cəmiyyətdə doğurduğu böyük rezonans səbəb olub.

Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu isə iclasın mövzusu ilə keçirildiyi məkan arasında heç bir əlaqənin olmadığını bəyan edib.

Müstəmləkələr sarayı...


Saray Belçika kralı II Leopold tərəfindən 1897-ci il mayın 10-dan noyabrın 8-dək davam edən Brüssel Ümumdünya Sərgisi üçün tikilib. Monarx bu yolla investorları cəlb etmək və faktiki olaraq şəxsi mülkiyyətinə keçirdiyi "Azad Konqo" kolonial layihəsinə Avropa ictimaiyyətinin dəstəyini qazanmaq istəyirdi. Həmin dövrdə avropalı muzdluların nəzarətində olan bu ərazidə dəhşətli cinayətlər törədilir, cəza tədbirləri zamanı yerli sakinlərin kəsilmiş əllərindən bir növ "valyuta" kimi istifadə olunurdu.

II Leopold sərgidə "Azad Konqo"nu Avropanın "sivilizasiya layihəsi" kimi təqdim etmək üçün Tervyurendə ən böyük "insan zooparkı"nı qurdurmuş, bura 267 konqolu (kişilər, qadınlar və uşaqlar) gətirərək üç "zənci kəndi" yaratmışdı. Sərgi dövründə havanın soyuq keçməsi səbəbindən pnevmoniya və qrippdən onlardan 7-si vəfat etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu