AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
AFFA-nın “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzması ilə bağlı paylaşımı böyük müzakirələrə səbəb oldu.
AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurum qarşılaşma başa çatmamış 3:1 hesablı nəticəni paylaşaraq “oyun sona çatdı, mübarizəmiz isə əsla” sözlərini yazmışdı.
Matç isə davam edirdi. Sanki, illərdir heç milli komanda səviyyəsində heç bir uğur qazana bilməyən federasiya “Qarabağ”ın onlara nümunə göstərilməsindən yorulub. Bunun qisası olaraq Ağdam klubunun 12 illik Avropa seriyası başa çatmadığı halda AFFA onu başa çatdırmışdı.
Lakin yazılan çoxsaylı şərhlərdən sonra məlumat silinib, eyni post yenidən paylaşılıb.
Əslində AFFA özü də 12 ildir ki, “Qarabağ”ın uğurlarının arxasına sığınıb, gizlənib. Bunu ölkəmizin uğuru kimi təqdim edərək həm də öz adlarına yazdıra bilmişdilər. Bu mövsüm “Sabah”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi, görünən odur ki, onları ürəkləndirib.
Qarşılaşma başa çatdıqdan sonra isə daha bir paylaşım edildi. Amma bu dəfə başqa detal diqqət çəkir - “Qarabağ”ın köhnə loqosundan istifadə edilib. Görünən odur ki, federasiya Ağdam klubuna diqqətlə yanaşmaqda çətinlik çəkir. Çünki AFFA Azərbaycan futboluna cavabdeh qurumdur və bu cür hallarda diqqətli olmalıdır.


