Tərcüməçi Ziya Muradov müəmmalı surətdə öldü: bədənində izlər var? - FOTO
Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu nəşriyyatın tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı məlumat paylaşıb.
AFN.az xəbər verir ki, nəşriyyat rəhbəri bu xəbəri heyrətlə qarşıladığını bildirib: "Ziya Muradovun ölümü ilə bağlı xəbəri oxuyanda dəhşətə gəldim. Ziya bizimlə uzun illər əməkdaşlıq edib, rus dilindən kitablar tərcümə edib. Son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.
Biz onun dünyasını dəyişdiyindən xəbərsiz olmuşuq. Neçə gündür yeni tərcümə vermək üçün ona zəng edirik, telefonu sönülüdür. İndi öyrənirik ki, Ziya avqustun 1-də Qubada, 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Ailəsi də hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar qaldırır. Mənə maraqlıdır: belə bir ölüm faktı necə bu qədər səssiz qala bilər?"
Ş.Xuduoğlunun sözlərinə görə, hadisə zamanı 17 nəfər orada olub: "Ailə mərhumun bədənində zədə izi gördüyünü bildirir. Hadisənin yeri və necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğunu deyir. Bütün bunlara baxmayaraq, təxminən bir aya yaxın müddətdə biz – onun uzun illər əməkdaşlıq etdiyi nəşriyyat belə – ölümündən xəbər tutmamışıq.
Mən bir məsələni də bilmək istəyirəm: bu ölüm faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən hansı araşdırma aparılıb? Cinayət işi başlanıb, yoxsa başlanmayıb? Başlanmayıbsa, hansı əsasla?"
