Nepaldə sel fəlakətində ölənlərin sayı 157-yə çatdı



Nepalın Çin sərhədinə yaxın Rasuva və ətrafında baş verən sel fəlakətində həyatını itirənlərin sayının 157-yə çatdığı, yüzlərlə şəxsdən isə xəbər alınmadığı bildirilib.

AFN.az xəbər verir ki, The Kathmandu Post qəzetinin məlumatına görə, dağlıq ərazi olan Rasuva və ətraf bölgələrdə səhər saatlarında sel baş verib.

Selin Bhotekoshi çayı ətrafındakı yaşayış məntəqələrinə və binalara zərər vurduğunu bildirən rəsmilər, hüquq-mühafizə qüvvələrinin axtarış-xilasetmə işlərini davam etdirdiyini qeyd ediblər.

Seldə həyatını itirənlərin sayı 157-yə yüksəlib.

Baş nazirlik ofisinin məlumatına görə, 44 təhlükəsizlik əməkdaşı və 391-i xarici vətəndaş olmaqla yüzlərlə şəxs itkin düşüb.

Nepal mətbuatında xəbər alınmayan şəxslərin Rasuva ilə sərhəd qonşusu olan Çinin Tibet Muxtar Rayonundakı Kailash Mansarovar bölgəsində dini ziyarət məqsədilə olduqları bildirilib.

Rəsmilərin sözlərinə görə, axtarış-xilasetmə işləri Nepal ordusu və özəl şirkətlərə məxsus helikopterlərlə davam etdirilir.

Digər tərəfdən, əlverişsiz hava şəraiti səbəbindən bəzi helikopterlərin geri qayıtmaq məcburiyyətində qaldığı, bölgəyə əlavə helikopterlərin göndərilməsinin isə çətinləşdiyi bildirilir.

Xinhua agentliyinin məlumatına görə, Çin Prezidenti Si Cinpin Nepaldakı sellərin Tibet Muxtar Rayonunda Gyirong sərhəd qapısının yaxınlığına qədər çatması və mülki əhali arasında itkilərə səbəb olması ilə əlaqədar axtarış-xilasetmə işlərinə başlanılması barədə göstəriş verib.

Si həmçinin bölgə sakinlərinin təxliyə edilməsi və yaralılara tibbi yardım göstərilməsi ilə bağlı bölgə rəsmilərinə tapşırıq verib.

Çinin Baş naziri Li Çianq da sellərdən zərər çəkən və itkin düşən şəxslərin sayının dərhal müəyyənləşdirilməsi, bölgə rəsmiləri ilə əməkdaşlığın və əlaqələrin artırılması barədə göstəriş verib.

Nepal mətbuatında yayılan xəbərlərə görə, selin səbəbini araşdıran rəsmilər yaxınlıqdakı buzlaq gölünün daşması ehtimalını nəzərdən keçirirlər.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında etdiyi paylaşımda humanitar yardım materialları daşıyan təyyarənin Nepalın paytaxtı Katmanduya çatdığını, daha çox yardım göstərilməsi üçün işlərin davam etdirildiyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu