Fransada 5 yanğınsöndürmə məntəqəsindən təcili xilasetmə avadanlıqları oğurlanıb
Fransada yanğınsöndürənlərin daha çox imkan və resurs tələbi ilə paytaxt Parisdə nümayiş keçirməyə hazırlaşdığı bir vaxtda 5 yanğınsöndürmə məntəqəsindən təcili xilasetmə avadanlıqlarının oğurlandığı məlum olub.
AFN.az xəbər verir ki, ictimai yayımçı Franceinfo-nun məlumatına görə, bu ay Rona departamentində 4, İşer departamentində isə 1 yanğınsöndürmə məntəqəsində oğurluq hadisəsi baş verib.
Sözügedən məntəqələrdən qəza zamanı nəqliyyat vasitələrində sıxışıb qalan insanların xilas edilməsinə imkan verən hidravlik xilasetmə qayçıları oğurlanıb.
Dəyəri yüz minlərlə avro olan təcili xilasetmə avadanlıqları yanğınsöndürənlərin fəaliyyətində həyati əhəmiyyət daşıyır. Oğurluq halları ilə bağlı araşdırma başladılıb.
Həddindən artıq isti havaların mənfi təsiri nəticəsində Fransada bu il meşə yanğınları səbəbindən 117 min hektar ərazi külə dönüb.
Fransada daha çox imkan və şəxsi heyət tələb edən yanğınsöndürənlər bu tələblərini çatdırmaq üçün 29 sentyabrda paytaxt Parisdə nümayiş keçirəcəklər.
