Panama kanalından sürətli keçid üçün rekord məbləğ ödənib
Maye qaz (LPG/LNG) daşıyan gəmi suyun səviyyəsinin aşağı düşməsi səbəbindən ötürmə qabiliyyəti məhdudlaşdırılan Panama kanalından növbəsiz və sürətləndirilmiş keçid üçün rekord məbləğdə – 5,3 milyon dollar ödəyib.
AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyinə Panama Kanalı Administrasiyasının rəhbəri İlya Espino de Marotta məlumat verib.
O qeyd edib ki, son zamanlar yüksək qiymət təklifləri olan auksionlar keçirilir və ödənilən bu məbləğ indiyədək qeydə alınan ən yüksək göstəricidir. Məhdudiyyətlərə səbəb regionda yağıntıların kəskin azalmasıdır. Son dörd ayda kanal hövzəsinə düşən yağıntının həcmi tarixi normadan 34 faiz, suya olan axın isə orta göstəricidən 44 faiz aşağı olub.
Kanaldan keçid öncədən növbə yazılmaqla həyata keçirilir, lakin növbəsiz keçid hüququ hərraclar vasitəsilə satılır. Hürmüz boğazının bağlanmasından sonra karbohidrogenlərə tələbatın artması fonunda aprel ayında keçirilən analoji hərracda bir gəmi keçid üçün 4 milyon dollar ödəmişdi. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək olan dövrdə orta təklif qiyməti təxminən 55 min dollar təşkil edirdisə, hazırda bu rəqəm orta hesabla üç dəfə artıb.

