Hörmüz böhranı Panama kanalında hərəkət intensivliyini artırıb
İran ilə yaşanan gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal ticarət marşrutlarında köklü dəyişikliyə səbəb olur.
AFN.az xəbər verir ki, Panama Kanalı İdarəsinin (ACP) maliyyə direktoru Viktor Vial oktyabr ayından bəri kanaldan keçən gəmilərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 300 ədəd artdığını açıqlayıb. "Reuters" agentliyinə danışan Vial Yaxın Şərqdəki vəziyyət sabitləşənə qədər bu tendensiyanın davam edəcəyini gözlədiklərini bildirib. Ticarət gəmiləri İran sahillərindəki riskli bölgələrdən qaçmaq və Hörmüz boğazındakı tıxacı aşmaq üçün marşrutlarını Panama kanalına yönəldirlər.
Hörmüz boğazındakı böhran səbəbindən Panama kanalına olan tələbatın kəskin artması keçid xərclərini də rekord həddə çatdırıb. Hazırda bir gəminin kanaldan keçməsi üçün ödədiyi orta məbləğ gəminin növündən asılı olaraq 300 min dollarla 400 min dollar arasında dəyişir. Əvvəlcədən rezervasiyası olmayan və gözləmək istəməyən gəmilər gündəlik keçirilən hərraclarda iştirak edərək əlavə ödənişlər edirlər. Bəzi yanacaq tankerlərinin təcili keçid əldə etmək üçün normal rüsumdan əlavə 4 milyon dollara çatan astronomik məbləğlər ödədiyi qeyd olunur.
Hərəkətin Panamaya yönəlməsinin əsas səbəbi Hörmüz boğazında yaşanan ikitərəfli blokada vəziyyətidir. ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra İran boğazı bağlayıb, ABŞ Hərbi Dəniz Qüvvələri isə aprel ayının ortalarından bəri İran limanlarına qarşı öz blokadasını tətbiq edir. Qlobal enerji ticarətinin 25 faizinin keçdiyi bu yolun bağlanması dünya bazarında neftin qiymətinin bir barel üçün 107 dolları keçməsinə və təchizat zəncirində ciddi fasilələrə yol açıb. Analitiklər boğazdakı minaların təmizlənməsinin aylar çəkə biləcəyini və bu vəziyyətin Panama kanalı üzərindəki yükü daha da artıracağını proqnozlaşdırırlar.
