ABŞ İran neftini daşıyan tankeri saxladı
ABŞ Müdafiə Nazirliyi (DoD) Hind okeanında sanksiya tətbiq edilən İran neftini daşıyan "M/T Majestic X" adlı gəmini saxladığını açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ qüvvələri tərəfindən həyata keçirilən "dəniz durdurma" əməliyyatı Vaşinqtonun İrana qarşı son dəniz gedişi kimi qeydə alınıb.
ABŞ 13 apreldə İran limanlarına giriş-çıxış edən dəniz hərəkətinə qarşı blokada başlatdıqdan bəri çox sayda gəmini dayandırıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) indiyə qədər 33 gəmiyə limana qayıtmaq əmri verildiyini bəyan edib.
Gərginliyin artdığı digər bir nöqtə olan Hörmüz boğazında isə Prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə kritik keçid marşrutuna mina döşəyən hər hansı qayığı vurmaq təlimatı verib.
Tramp sosial media hesabı üzərindən etdiyi açıqlamada "Tərəddüd edilməyəcək" deyərək, mina təmizləyən gəmilərin hazırda boğazı təmizlədiyini qeyd edib.
Pentaqon isə boğazdakı minaların təmizlənməsinin altı ay çəkə biləcəyi ilə bağlı hesabatları təkzib edərək, bu qədər uzunmüddətli qapanmanın qəbulolunmaz olduğunu bildirib.
