CENTCOM: ABŞ blokada səbəbindən 31 gəmini geri qaytarıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində indiyədək 31 gəminin geri qaytarıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, CENTCOM-un rəsmi sosial media hesabı vasitəsilə yayılan bəyanatda ABŞ qüvvələrinin İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd edən gəmilərə geri dönmək və ya ən yaxın İran limanına yan almaq barədə təlimat verdiyi bildirilib.
Məlumata görə, təlimatlandırılan gəmilərin böyük əksəriyyəti ABŞ-nin bu tələbinə əməl edib. Geri qaytarılan gəmilərin çoxunun neft tankerləri olduğu qeyd edilib. Xatırladaq ki, aprelin 20-də verilən əvvəlki açıqlamada bu rəqəmin 27 olduğu bildirilmişdi, bu isə blokadanın icrasının daha da genişləndiyini göstərir.
Qeyd edək ki, "İqtisadi Qəzəb" (Economic Fury) adı altında həyata keçirilən bu dəniz əməliyyatı aprelin 13-dən etibarən qüvvəyə minib. ABŞ Prezidenti Donald Tramp Pakistanda İranla aparılan sülh danışıqlarının nəticəsiz qalmasından sonra Hörmüz boğazını və İranın sahil xəttini tam nəzarətə götürmək barədə qərar vermişdi.
Ağ Ev rəsmiləri bu blokadanın İranla 100 faiz razılıq əldə olunana qədər davam edəcəyini vurğulayırlar. Hazırda ABŞ-nin 17-dən çox hərbi gəmisi və 100-dən artıq təyyarəsi regionda blokadanın icrasını təmin edir.
