Hörmüz boğazındakı məhdudiyyətlər neft qiymətlərini bahalaşdırır
Qlobal enerji bazarları İran və ABŞ arasındakı kövrək atəşkəsin gələcəyi ilə bağlı narahatlıqlar və Hörmüz boğazındakı keçid məhdudiyyətləri səbəbindən hərəkətli bir dövr keçirir.
AFN.az xəbər verir ki, Asiya bazarlarının erkən saatlarında yüksəlişini davam etdirən neft qiymətləri bölgədəki hərbi və diplomatik gərginlikdən birbaşa təsirlənir.
İnvestorların regiondakı hadisələrə qarşı həssaslığı nəticəsində "Brent" markalı neftin qiyməti cümə günü səhər saatlarında 0,87 faiz bahalaşaraq bir barel üçün 96,75 dollara yüksəlib, ABŞ xam neftinin (WTI) fyuçersləri isə 1 faizdən çox artım göstərib.
Dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılması tədarük təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. ABŞ Prezidenti Donald Tramp İranın su yolundan keçən gəmilərdən ödəniş tələb etmək cəhdlərinə sərt reaksiya verərək, Tehran rəhbərliyinə xəbərdarlıq edib.
Eyni zamanda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında əldə olunmuş atəşkəsin İsrailin Livana qarşı davam edən hava hücumları səbəbindən pozulma riski bazarlarda qeyri-müəyyənliyi artıran əsas amilə çevrilib. Digər tərəfdən, Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən hücumlar krallığın hasilat potensialına ciddi ziyan vurub.
Səudiyyə Rəsmi İnformasiya Agentliyinin (SPA) məlumatına görə, gündəlik neft istehsalı təxminən 600 min barel, "Şərq-Qərb" boru kəmərinin daşıma gücü isə 700 min barel azalıb. Ekspertlər İslamabadda keçiriləcək sülh danışıqlarından konkret nəticə çıxana qədər neft bazarında yüksək dəyişkənliyin davam edəcəyini proqnozlaşdırırlar.
