Süveyş kanalında gəmi ticarəti kəskin azalıb, Ümid burnunda isə ikiqat artıb


Qlobal dəniz ticarətinin 15 faizinin həyata keçirildiyi Süveyş kanalında gəmi trafiki son 6 ayda 85 faiz azalıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, əksər gəmiçilik şirkətləri marşrutlarını dəyişərək Ümid burnundan istifadəyə üstünlük veriblər. Nəticədə qeyd edilən müddətdə buradan gəmi keçidlərinin sayə125 faiz artıb.

İranın dəstəklədiyi Yəməndə husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında İsraillə əlaqəsi olduğu düşünülən ticarət gəmilərinə hücumları keçən ilin dekabrında intensivləşdikdən sonra da davam edir.

Hücumların artması ilə gəmiçilik şirkətləri daha çox marşrutlarını Ümid burnuna dəyişib və bu, Süveyş Kanalı, Bab əl-Məndeb Boğazı və Ümid burnunda dəniz ticarəti dinamikasında böyük dəyişikliyə səbəb olub.

Gəmi təqibi və dəniz analizi təminatçısı "MarineTraffic"dən əldə edilən məlumatlara görə, Süveyş kanalından istifadə edən konteyner, quru və yaş yük, Ro/Ro, mayeləşdirilmiş təbii qaz (LNG), LPG və qarışıq quru yük gəmilərinin sayı 85 faiz azalıb.

Husilərin ticarət gəmilərinə hücumlarının güclənməsindən bir ay əvvəl, 2023-cü ilin noyabr ayında Süveyş kanalından istifadə edən gəmilərin ümumi sayı 1094 olub. 2023-cü ilin dekabrında husilərin ticarət gəmilərinə hücumları gücləndikdən sonra beynəlxalq gəmiçilik şirkətləri Ümid burnuna doğru marşrutlarını dəyişməyə başladığı üçün Süveyş kanalında nəqliyyat sürətlə yavaşlayıb.

2023-cü ilin dekabr ayında Süveyş kanalından ümumilikdə 923 gəmi keçdiyi halda, bu rəqəm yanvarda 233, fevralda 94, martda isə 85-ə düşüb. Ötən ay Süveyş kanalından ümumilikdə 159 gəmi istifadə edib.

Beləliklə, qlobal dəniz ticarətinin 15 faizinin reallaşdığı və Aralıq dənizini Qırmızı dənizə birləşdirərək Asiya ilə Avropa arasında ən qısa marşrutu təqdim edən Süveyş kanalında gəmi trafiki kəskin azalıb.

Son 6 ayda Bab əl-Məndəb boğazında gəmi axını 60,7 faiz azalıb. Bölgədəki gərginliyin artmasına bir ay qalmış, 2023-cü ilin noyabr ayında konteynerlər, LNG, LPG, quru və yaş yüklər, Ro/Ro və qarışıq quru yüklər də daxil olmaqla Bab əl-Məndəb boğazından cəmi 341 gəmi keçdiyi halda, 2023-cü ilin dekabr ayında rəqəm 310-a, bu ilin yanvar ayında isə 189-a düşüb.

Boğazdan istifadə edən gəmilərin sayı fevralda 151, martda 152, apreldə isə 134 olub.

Gəmilərin səyahət müddətinin 10-12 gün daha uzun olduğu bir marşrut olsa da, Qırmızı dənizdəki hücumlardan sonra Ümid burnunda gəmi hərəkəti sürətlə artıb. Ümid burnundan istifadə edən gəmilərin sayı 2023-cü ilin noyabrında 1682 olduğu halda, bu rəqəm 2023-cü ilin dekabrında 1800, yanvarda 2 min 699, fevralda isə 2 min 728-ə yüksəlib.

Ümid burnunda gəmilərin sayı martda 2 min 922, apreldə isə 2 min 873 olub. Belə ki, Ümid burnu ətrafında üzən gəmilərin sayı son 6 ayda 125 faiz artıb.

Xüsusilə, bu dövrdə konteynerlərin sayı 260 faiz, LNG tankerlərinin sayı isə 180 faiz artıb.

Yaxın Şərq, Avropa, Asiya və Afrikanın bir çox ölkəsinin ixrac və idxalda böyük ölçüdə asılı olduğu Qırmızı dəniz xətti Yaxın Şərqdən Avropaya və Rusiyadan Asiyaya neft ixracı üçün xüsusilə vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu