BƏƏ-də "Starlink"ə peyk interneti xidməti üçün lisenziya verilib
Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya və Rəqəmsal Hökumətin Tənzimlənməsi Qurumu (TDRA) "Starlink" şirkətinə peyk rabitəsi xidmətləri göstərmək üçün lisenziya ayrıldığını elan edib.
AFN.az xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb.
Məlumata görə, lisenziya 10 il müddətinə verilib. Qeyd olunur ki, şirkət BƏƏ ərazisində ümumi istifadə üçün peyk rabitəsi şəbəkəsini qurmaq, istismar etmək, idarə etmək və peyk interneti xidmətləri təqdim etmək hüququ qazanıb. "Starlink" internetindən hüquqi şəxslər, dövlət qurumları və özəl şəxslər istifadə edə biləcəklər. Bundan əlavə, peyk interneti dənizçilik və aviasiya sahələrinə də təqdim olunacaq.
"Starlink" – İlon Mask tərəfindən 2002-ci ildə təsis edilmiş "SpaceX" şirkətinin qlobal peyk rabitəsi sistem layihəsidir. Sistem Yerin aşağı orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik aparatların yerləşdirilməsi hesabına bütün dünyada istifadəçiləri internetlə təmin etmək üçün nəzərdə tutulub.


