"Azərkosmos”un ixrac gəlirləri 28 % azalıb
Bu ilin yanvar-iyun aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 ölkə çox və 3,6 milyon ABŞ dolları (27,5 %) azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
6 ayda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ, 522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.