Nepal "Meta" və "TikTok"dan daşqınla bağlı yalan məlumatları bloklamağı tələb edib
Nepal hökuməti "Meta" və "TikTok" şirkətlərindən Bhote-Koşi çayı hövzəsində baş verən dağıdıcı daşqından sonra yayılan dəhşətli görüntüləri, süni intellektlə yaradılmış təsvirləri, dələduzluq məqsədli QR kodları və dezinformasiya xarakterli paylaşımları dərhal silməyi tələb edib.
AFN.az xəbər verir ki, bu barədə yerli "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Hökumətin sosial şəbəkələrin tənzimlənməsi üzrə işçi qrupunun koordinatoru Bicay Kumar Roy bildirib ki, platformalardan uyğunsuz məzmunların aşkarlandığı andan etibarən silinməsi və alqoritmlərin şok yaradan, eləcə də yalan məlumatları avtomatik bloklayacaq şəkildə tənzimlənməsi istənilib. Bu addım avqustun 26-da baş verən daşqından sonra köhnə kadrların və süni intellektlə hazırlanmış videoların real hadisə kimi təqdim olunması hallarının kəskin artması ilə bağlıdır.
Bundan əlavə, yardım toplanması adı altında saxta QR kodların yayıldığı müəyyən edilib. Səlahiyyətlilər vətəndaşları zərərçəkənlər, itkilər və maliyyə yardımları haqqında məlumatları paylaşmazdan əvvəl dəqiqləşdirməyə çağırıb.

