İqlim dəyişikliyi bombus arılarının həyatda qalmasını və çoxalmasını təhlükəyə atır
Almaniyanın Regensburg Universitetinin alimləri müəyyən ediblər ki, bombus ana arıları həyatlarının erkən mərhələsində qarşılaşdıqları iqlim dəyişiklikləri onların yaşam müddəti və çoxalma qabiliyyətini azaldır.
2000–2014-cü illərdə “Bombus terrestris” növü üzərində aparılan uzunmüddətli tədqiqat Avropada əsas tozlayıcı növlərdən olan bu arıların sağlamlığı, həyatda qalma bacarığı və reproduktiv fəaliyyətinə iqlim faktorlarının təsirini ortaya qoyub.
Alimlər qeyd edirlər ki, mənfi təsirlər yalnız temperatur artımı ilə məhdudlaşmır; mövsümi hava hadisələrinin vaxtı və intensivliyindəki dəyişikliklər də arıların həyatında mühüm rol oynayır. Erkən mərhələdə sərt və ya ilıq iqlim şəraitinə məruz qalan ana arılar enerji ehtiyatlarını tez tükədir, bu isə yazda sağ qalma və yeni koloniyalar yaratma imkanlarını azaldır.
Mövsümdən kənar güclü yağışlar da arıların qida toplamasını çətinləşdirir, polen və nektar toplama fəaliyyətini məhdudlaşdırır.
Tədqiqatın baş müəllifi Dr. Rus Arçer vurğulayıb ki, bombus arıları yalnız vəhşi çiçəkləri deyil, həm də kənd təsərrüfatı bitkilərini tozlandırır. İqlim dəyişikliyinin onların üzərindəki mənfi təsirləri ekosistemlər və kənd təsərrüfatı üçün ciddi nəticələr doğura bilər.
Tədqiqat “Journal of Animal Ecology” jurnalında dərc edilib.


