Yaponiyada görünməmiş ayı həyəcanı: 94 məktəbdə tədris dayandırıldı
Tokio yaxınlığındakı Utsunomiya şəhərində ilk dəfə bir ayının ortaya çıxması və şəhər mərkəzində görülməsi səbəbindən təhlükəsizlik məqsədilə şəhərdəki bütün ibtidai və orta məktəblər bağlanıb.
AFN.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokionun təxminən 100 kilometr şimalında yerləşən və yarım milyon əhalisi olan Utsunomiya şəhəri tarixindəki ilk ayı həyəcanı ilə sarsılıb.
Həftəsonu şəhərdəki parklardan birinin yaxınlığında görünən təxminən bir metr boyundakı Asiya qara ayısı təhlükəsizlik kameralarına düşüb və şəhər mərkəzində iki gəncin önündən qaçaraq keçib.
Bazar günü yaşayış məntəqələrində, bazar ertəsi sabaha yaxın isə fabriklərin yerləşdiyi ərazidə aşkar edilən heyvan şəhərdə böyük təşvişə səbəb olub.
Ayının hələ də yaxalana bilməməsi səbəbindən Utsunomiya bələdiyyəsi radikal bir qərar qəbul edərək şəhərdəki 94 ibtidai və orta məktəbin hamısında tədrisi müvəqqəti dayandırıb.
Bələdiyyə rəsmiləri səsgücləndiricilərlə təchiz edilmiş elan avtomobillərini küçələrə çıxararaq əhalini diqqətli olmağa çağırıblar.
Vətəndaşlardan qapı və pəncərələrini kilidli saxlamaları, ayını gördükləri təqdirdə qətiyyən yaxınlaşmayaraq ən yaxın binaya sığınmaları istənilib.
Polis qrupları və yerli ovçular birliyi şəhər mərkəzində izini itirən ayını tapmaq üçün genişmiqyaslı axtarış əməliyyatı həyata keçirir.
Yaponiya daxilində bu il ərzində rekord səviyyədə, təxminən 50 min ayı görülməsi halı qeydə alınıb.
Adətən ölkənin şimal-şərqində intensivləşən bu vəziyyətin artıq paytaxt Tokio sərhədlərinə qədər gəlib çatması narahatlıqları artırır.
Ötən aylarda Tokio yaxınlığında gəzintiyə çıxan insanlara qarşı hücumlar reallaşarkən, qonşu Fukusima prefekturasında bir ayının şirkət binasına daxil olaraq işçiləri yaralaması ölkədəki təhlükənin miqyasını gözlər önünə sərib.
Ötən mart ayına qədər olan dövrdə ayı hücumları ilə bağlı ölüm və yaralanma halları ölkə tarixinin ən yüksək səviyyəsinə çatıb.
Yerli idarəetmə orqanları bu təhdidlə mübarizə apara bilmək üçün süni intellekt dəstəkli təhlükəsizlik kameraları ilə ayıların hərəkətlərini izləmək metodunu sınaqdan keçirməyə başlayıblar.
Ekspertlər ayıların şəhər mərkəzlərinə qədər enməsinin arxasında həm ekoloji, həm də demoqrafik səbəblərin dayandığını bildirirlər.
Palıd qozası kimi ayıların əsas qida mənbələrinin təbiətdə azalması heyvanları yemək axtarışı üçün yaşayış məntəqələrinə yönəldir.
Bununla yanaşı, Yaponiyanın kənd bölgələrindəki əhalinin sürətlə yaşlanması və azalması bu əraziləri daha səssiz hala gətirir.
İnsan hərəkətliliyinin azalmasını fürsət bilən ayılar şəhər mərkəzlərinə doğru daha cəsarətli addımlarla irəliləyir və insanlarla qarşı-qarşıya gəlmə riskini artırır.


