Türkiyədə NATO sammiti başladı: gündəm müdafiə xərcləri və Ukraynadır
Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının iki günlük sammiti işə başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, alyansın 32 üzv ölkəsinin liderlərini bir araya gətirən toplantıda kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və transatlantik təhlükəsizlik məsələləri əsas müzakirə mövzularıdır.
Sammit Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində keçirilir. NATO-nun baş katibi Mark Rütte toplantının açılışında bildirib ki, üzv ölkələr qəbul etdikləri öhdəlikləri konkret nəticələrə çevirməli, müdafiə sənayesinə investisiyaları artırmalı və Ukraynaya dəstəyi davam etdirməlidirlər.
Toplantıda ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilir. Onun Avropa müttəfiqlərindən müdafiə xərclərini artırmaq tələbi sammitin əsas siyasi mövzularından biri hesab olunur. Məlumata görə, bir sıra ölkələr yeni silahlanma proqramları və milyardlarla dollar dəyərində müdafiə müqavilələrini açıqlamağa hazırlaşır.
Liderlər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Alyansın şərq cinahının təhlükəsizliyi, NATO-nun hərbi hazırlıq səviyyəsinin artırılması və gələgək strateji planları barədə fikir mübadiləsi aparacaqlar. Sammitin yekununda birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.
