Qəhvə qiymətləri 6 ayın zirvəsindədir
Qəhvənin funtu Braziliya və Vyetnamdakı hava şəraitindən qaynaqlanan tədarük narahatlıqları və qlobal qəhvə ehtiyatlarının azalacağına dair qorxularla 3,57 dollara yüksələrək təxminən 6 ayın ən yüksək səviyyəsini görüb.
AFN.az xəbər verir ki, bu il eniş trendində hərəkət edən qəhvə qiymətlərində son zamanlar bərpa olunma meyli ön plana çıxır.
Cənubi Amerikadakı əlverişli iqlim şəraiti, Yaxın Şərqdəki gərginliklər və ABŞ-ın Braziliyaya tətbiq etdiyi əlavə gömrük rüsumlarını ləğv etməsi qəhvə qiymətlərinin aşağı düşməsində təsirli olmuşdu.
ABŞ/İsrail-İran müharibəsi səbəbindən yük daşımaları və sığorta xərcləri də qəhvə tələbatının azalmasında mühüm rol oynamışdı. Qəhvənin funtu bu hadisələrin fonunda ilin ilk yarısında 15 faiz geriləmişdi.
Lakin son vaxtlar iqlim faktorları ilə əlaqədar qlobal qəhvə ehtiyatlarının azalacağına dair narahatlıqlar qəhvə qiymətlərini yenidən yüksəlişə keçirib.
İlə 3,48 dollardan başlayan qəhvə qiymətləri qeyd olunan amillərin təsiri ilə iyun ayında 2,38 dollara qədər geriləmişdi. Bu səviyyədən yüksəlişə keçən qəhvə qiymətləri iyun ayını 11,62 faiz artımla 2,96 dollardan tamamlamışdı.
İyul ayına da artımla başlayan qəhvə qiymətləri ötən gün 3,57 dollara çataraq 6 ayın zirvəsini görüb. Qəhvə qiymətləri yanvarın 28-də 3,72 dollara qədər yüksəlmişdi.
İyun ayı ilə birlikdə "El Nino" hava hadisəsinin başlandığı, bu iqlim hadisəsinin xüsusilə Cənubi Amerika və Cənub-Şərqi Asiyada hiss olunması, qəhvə qiymətlərindəki yüksəlişin ən böyük səbəbinin isə Braziliya və Vyetnamda hava temperaturlarının yüksəlməsi və yağıntıların azalması olub.
Braziliyanın "arabica", Vyetnamın isə "robusta" növü qəhvədə dünyanın ən böyük istehsalçıları və ixracatçıları mövqeyində dayanır.
Bu ölkələrdə hava temperaturunun yüksəlməsi qəhvə ağaclarının çiçəkləməsinə mane olur. Qəhvə ağaclarının çiçəkləməsinin azalması məhsuldarlıqda düşüş yaşanacağı mənasına gəlir ki, bu gözləntilər səbəbindən qəhvə qiymətlərində yüksəliş müşahidə edilir.
"El Nino" effektinin növbəti ilin ilk rübünə qədər davam etməsinin gözlənildiyi və bunun da gələcək mövsüm üçün qəhvə qiymətlərindəki gözləntiləri artırdığı proqnozlaşdırılır.
Ekspertlər bu səbəbdən qəhvə bazarına pul axınının olduğunu, ETF-lər vasitəsilə qəhvə pozisiyalarının artdığını vurğulayaraq, bu vəziyyətin də qiymətlərdə bərpa olunmanı təmin etdiyini qeyd edirlər.




