İdil Osman: “Fransa islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır”
“Fransanın müstəmləkə imperiyası dövründən bəri müsəlmanlara münasibətdə yürütdüyü siyasət göstərir ki, rəsmi Paris təkcə bu ölkədə yaşayan müsəlmanlara qarşı deyil, ümumilikdə islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır”.
Bunu “Report”a açıqlamasında Lester Universitetinin (Böyük Britaniya) nəzdində fəaliyyət göstərən media, kommunikasiya və sosiologiya məktəbinin dosenti İdil Osman bildirib.
Onun sözlərinə görə, Fransa müstəmləkəçi dövlət kimi Şimali Afrikanın yerli xalqlarının dini ənənələrini, mədəniyyətini sıxışdırmışdı: “Bu regionda mövcud olan mədəniyyətlərin və dinlərin (əsasən islam) məhvinə sistemli yanaşma var idi və o vaxtdan islamın “demonizasiyası”na başlanılıb”.
İ.Osman vurğulayıb ki, Fransada müsəlmanların o qədər də çox olmamasına baxmayaraq, bu ölkənin hökuməti hicab və niqab geyinməyi qadağan edən qanunun qəbuluna qərar verib: “Bu, Fransanın müsəlmanların həyat tərzi üçün təhlükəli olduğunu göstərir”.
O əlavə edib ki, bu ayrı-seçkiliyə görə bir çox müsəlmanlar Böyük Britaniyaya köçürlər.